Superkubokun qalibləri bəlli oldu
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə “Superkubok” yarışı keçirilib.
Sportify.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani çıxış edərək idmançılara uğurlar arzulayıblar. Açılış nitqinin ardından Fərid Xəlilov yarışı açıq elan edib və oxatanlar mübarizəyə başlayıblar.
70 metr məsafədə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qadınlar arasında Fatimə Hüseynli qızıl, Yaylagül Ramazanova gümüş, Lalə Əbdürəhmanova isə bürünc medala sahib olublar. Kişilərin mübarizəsində Məhəmmədəli Əliyev qızıl, Sərdar Vəliyev gümüş, Nurlan Rəhimli isə bürünc medala yiyələniblər. Turnirin həyəcanlı və tarixi final mübarizəsində Fatimə Hüseynli ilə üz-üzə gələn Məhəmmədəli Əliyev möhtəşəm qələbə qazanaraq “Superkubok”un mütləq qalibi adını qazanıb.
Yarışın sonunda təntənəli mükafatlandırma mərasimi təşkil olunub. Qaliblərin medallarını Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva və Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani təqdim ediblər. İdmançılara xüsusi hədiyyələri isə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və milli komandanın baş məşqçisi Natiq Fazilov təqdim ediblər.
































No Comment! Be the first one.