Formula 1 üzrə Meksika Qran Prisinin ilk sərbəst yürüş günündə “Ferrari” pilotu Şarl Lekler uğurlu hər iki sessiyanı birinci pillədə başa vurub.
Sportify.az xəbər verir ki, ikinci sərbəst yürüşdə Lekler 1:17.827 saniyə nəticə göstərib.
“Maklaren”in pilotu Lando Norris ondan 0,103 saniyə, “Mercedes” təmsilçisi Corc Rassell isə 0,106 saniyə geri qalıb. Kimi Antonelli dördüncü, Maks Ferstappen isə beşinci olub.
“Ferrari” üçün günün yeganə mənfi hadisəsi Lüis Həmiltonla bağlı yaşanıb. Britaniyalı pilot ikinci sessiyada mühərrikdə yaranan problem səbəbindən yürüşü vaxtından əvvəl dayandırmalı olub. O, nəticədə 11-ci yeri tutub.
Sessiyada diqqətçəkən digər hadisə Maks Ferstappenlə Liam Louson arasında baş verən toqquşma olub. İki pilotun mübarizəsi təmasla nəticələnib və trasda qalan qalıqlara görə qırmızı bayraq göstərilib. Hadisəni araşdıran stüardlar hər iki sürücünü bazar günü keçiriləcək yarışda bir mövqe geriyə çəkilməklə cəzalandırıblar.
İkinci sərbəst yürüşün ilk onluğu belə sıralanıb:
1. Şarl Leklerk – Ferrari
2. Lando Norris – Maklaren
3. Corc Rassell – Mercedes
4. Kimi Antonelli – Mercedes
5. Maks Ferstappen – Red Bull
6. İsak Hacar – Red Bull
7. Arvid Lindblad – Racing Bulls
8. Pyer Qasli – Alpine
9. Liam Louson – Racing Bulls
10. Oskar Piastri – Maklaren
Meksika Qran Prisində bu gün sıralama turu keçiriləcək. Əsas yarış isə noyabrın 2-də saat 00:00-da başlayacaq.



No Comment! Be the first one.