Rəşad Sadıqov: Futbolçularım sona qədər böyük xarakter nümayiş etdirdilər
Misli Premyer Liqasının X turunda “Zirə” səfərdə “Araz-Naxçıvan”la heç-heçə etdi: 2:2.
Sportify.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında junalistlərin suallarını cavablandırıb:
– Oyuna çox pis başladıq. İlk 15-20 dəqiqədə çoxsaylı top itkilərinə yol verirdik. Topa nəzarəti ələ ala bilmirdik. Nəticədə müdafiədən çıxarkən etdiyimiz top itkisindən sonra rəqib yaxşı hücum qurdu və hesabı açdı. 1:0 geriyə düşdükdən sonra üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxsaylı hücumlar qurduq. Təəssüf ki, həmin dəqiqələrdə fərqlənə bilmədik. İkinci hissəyə də fəal başladıq və böyük üstünlüklə oynayırdıq. Lakin təəssüf ki, 60-cı dəqiqələrdə ikinci qolu buraxdıq. Bundan sonra nəticəni dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız sona qədər böyük xarakter nümayiş etdirdilər, mübarizə apardılar və buradan məğlub olmadan bir xalla ayrılırıq. Təbii ki, qələbə qazanmaq istəyirdik. Amma rəqibi də nəzərə almaq lazımdır. Onların heyətində təcrübəli futbolçular var. Son turlarda, məğlub olmalarına baxmayaraq, “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda inamlı çıxış edirdilər. Belə ağır qrafikdə xarakter göstərdikləri üçün futbolçularıma təşəkkür edirəm. Bu gün qazandığımız bir xal həm mənəvi, həm də psixoloji baxımdan bizim üçün çox önəmli idi.
– Son vaxtlar komandaların oyunlarında maraqlı tendensiya müşahidə olunur. Bəzən iki top fərqi ilə önə keçən komandalar üstünlüyü əldən verir, bəzən də iki qol buraxdıqdan sonra hesabı bərabərləşdirirlər. Bunu nə ilə əlaqələndirirsiniz?
– Futbol belədir. Qol buraxırsan, qol vurursan. Heç nəyə zəmanət yoxdur. Yenə deyirəm, ilk 15-20 dəqiqəni çox pis başladıq. İlk qoldan sonra komanda reaksiya verdi, ikinci qoldan sonra da yenidən özünü toparladı. «Sumqayıt»la oyunda da ikinci qolu buraxdıqdan sonra yaxşı reaksiya göstərmişdik. Çempionatda rəqib komandaların heyətləri kifayət qədər güclüdür. Hər birində təcrübəli futbolçular var və oyunun nəticəsi hər an dəyişə bilər. Bu gün Patrik, Ağadadaş kimi futbolçuların oyunun nəticəsinə təsir etdiyini görürük. Biz üstünlük yarada bilirik, amma hələ ki, həmin üstünlüyü həmişə istədiyimiz kimi nəticəyə çevirə bilmirik. Xüsusilə səfər oyunlarında bu problemlə qarşılaşırıq. Buna baxmayaraq, yaxşı hücumlarımız oldu və hesabı bərabərləşdirdik. Bəlkə qələbə də qazana bilərdik, amma məğlub da ola bilərdik. Rəqibin də təhlükəli hücumları və bir neçə qol epizodu var idi. Şükürlər olsun ki, buradan məğlub olmadan ayrılırıq.
– Əvəzetmədən sonra meydana daxil olan futbolçunun qola imza atması sevindirici məqam idi. Bu dəyişikliklə bağlı əvvəlcədən hansı planınız var idi?
– İki məqsədimiz var idi. Birincisi, standart vəziyyətlərdə daha da güclənmək istəyirdik. İkincisi, Metti-ni stoper mövqeyinə çəkib, Ruanı hücumçu kimi istifadə etməyi planlaşdırırdıq. Məqsədimiz Ruan Volkovun meydana daxil olmasından sonra iki hücumçu ilə oynamaq və daha çox cinah asmalarından yararlanmaq idi. Lakin qol vurduğumuz üçün Ruanı hücumçu kimi yox, öz mövqeyində saxlamağa üstünlük verdik. Bundan sonra da cəhdlərimiz oldu. Yaxşı hücumlarımızdan biri zamanı bir qədər dəqiqlik çatmadı. Futbolçularıma bir daha təşəkkür etmək istəyirəm. Cəmi üç gün əvvəl çox ağır, fiziki və psixoloji baxımdan yorucu 120 dəqiqəlik oyun keçirmişdik. Bu gün İrenini bir qədər qoruduq və 45 dəqiqə oynatdıq. İsanı da sinə nahiyəsindəki zədəyə görə 30 dəqiqə meydanda saxladıq. Hələ ki heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik və bu da müəyyən məqamlarda oyunumuzda özünü göstərir. Qəribə hadisələrlə də qarşılaşırıq. 80-ci dəqiqədə rəqib komandanın futbolçusu qırmızı vərəqə almalı idi və oyun bizim üçün daha rahat başa çatmalıydı. 90-cı dəqiqədə isə Azərbaycan futbolu tarixində bəlkə də nadir hallarda rast gəlinən bir hadisə baş verdi və oyun 120 dəqiqəyə qədər uzandı. Üç-dörd futbolçumuz 15-17 kilometrə yaxın məsafə qət etmişdi. Son oyunlarda zədələrə görə futbolçular itirirdiksə, bu dəfə yorğunluqdan əziyyət çəkirdilər. Bütün bunlar bizim üçün bir sınaqdır. Mübarizəmizi davam etdirməli, sona qədər xarakterimizi göstərməliyik. İnanıram ki, bu çətinliklər gələcəkdə bizim xeyrimizə olacaq.
– Əvəzetməniz uğurlu alındı. Lakin bəzi futbolçuların mövqelərində dəyişiklik etdiniz, daha sonra isə onları əvəzlədiniz. Həmin futbolçulardan gözlədiyiniz performansı ala bilməməyinizin səbəbi nə idi?
– Həmin futbolçu da 120 dəqiqəlik oyunda iştirak etmişdi və çox yorğun idi. İmkanımız olsaydı, onu start heyətində meydana buraxmazdıq. Lakin məcburiyyətdən bu addımı atdıq. Ruan və Quyma da daxil olmaqla, bəzi futbolçuları məcburiyyətdən meydana buraxmalı olduq. Çünki artıq başqa seçimimiz yox idi. İlk dəqiqələrdən onun passiv olduğu hiss olunurdu. Fikirləşirdik ki, necə olursa-olsun, ilk 45 dəqiqəni başa vuraq, ikinci hissədə İsanı sola, Qisməti sağa keçirək, Krisi əvəzləyib İrenini meydana buraxaq. Lakin müəyyən top itkilərindən sonra düşündüm ki, mövqeyini dəyişsək, bəlkə daha inamlı oynayar. Elə də oldu. Sol cinahda daha fəal çıxış etdi, bir neçə qol epizodunda iştirak etdi. Standart vəziyyətlərdən sonra da fərqlənmək imkanı oldu. Ümumilikdə isə çox yorğun idi. “Səbail”lə oyunda həddindən artıq güc sərf etmişdi və bunun təsiri meydanda açıq-aydın hiss olunurdu.



No Comment! Be the first one.