Qurban Qurbanov: Azarkeşlərimiz ruhdan düşməsinlər, bizi qarşıda yaxşı oyunlar gözləyir
Misli Premyer Liqasının X turunda “Qarabağ” səfərdə “Qəbələ” ilə heç-heçə etdi: 0:0.
Sportify.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında junalistlərin suallarını cavablandırıb:
– Qələbə qazanmaq istəyirdik və bunun üçün istəkli idik. Lakin alınmadı. Çünki qarşımızda yaxşı, intizamlı və mübariz kollektiv var idi. Rəqib yaxşı müdafiə olunurdu və sürətli əks-hücumlara çıxa bilirdi. Bu çempionat bir daha göstərir ki, burada heç bir oyun asan deyil. Hər qarşılaşmaya maksimum hazırlaşmalıyıq. İnşallah, pozitiv düşünərək qarşıdakı oyunlara köklənəcəyik.
– İlk hissədə futbolçular arasında mübahisə oldu. Yankoviç və Silva “Napoli” ilə oyunda da mübahisə etmişdilər. Niyə yola gedə bilmirlər? Cəza veriləcək?
– Ümumiyyətlə, futbol emosional oyundur. Dünya futbolunda belə hallara tez-tez rast gəlirik. Komanda yoldaşları, dostlar bir-birini sevmir və ya münasibətləri yaxşı deyil demək düzgün olmaz. Onlar hər zaman bir yerdədirlər və bir-birlərinə qarşı pozitiv münasibətdə olurlar. Sadəcə, hadisəni tam araşdırmamışam. Belə oyunlarda bizim bilmədiyimiz hansısa əsəbi məqamlar və ya hadisələr baş verə bilər. Buna görə dəqiq fikir bildirmək istəmirəm. Amma futbolçuların cəzalandırılacağına əminəm. Belə hallara təkcə oyunlarda deyil, məşqlərdə də rast gəlinir və bunu müəyyən mənada normal qarşılamaq lazımdır. Bununla belə, hər bir futbolçu emosiyalarını idarə etməyi bacarmalıdır. Çünki bu cür hallar komandanın nəticəsinə mənfi təsir göstərə bilər.
– Rəqibin əvvəlki qarşılaşmada 4:0 hesabı ilə məğlub olması komandanızda müəyyən arxayınlıq yaratmışdı, yoxsa motivasiya baxımından hər hansı problem yox idi?
– Xeyr, motivasiya problemi yox idi. Sabahkı rəqibin burada asanlıqla məğlub ediləcəyini düşünmək düzgün olmazdı. Düzdür, əvvəlki oyunda 4:0 hesabı qeydə alınmışdı, lakin qolların ikisi son dəqiqələrdə – səhv etmirəmsə, 88-ci və 92-ci dəqiqələrdə vurulmuşdu. Həmin qarşılaşma da asan keçməmişdi. Rəqibin baş məşqçisini tanıyıram. Çempionlar Liqasında deyil, ötən mövsüm bu komandaya qarşı oynamışdıq və həmin vaxt da çox yaxşı təşkilatlanmış kollektivlə qarşılaşmışdıq. Bu gün də bunun şahidi olduq. Düşünürəm ki, bu komanda getdikcə daha da yaxşılaşacaq. Digər tərəfdən, biz də daha yaxşı oynamalıyıq. Əgər lider olmaq istəyiriksə, topla daha yaxşı davranmalı, oyun quruculuğunda daha keyfiyyətli olmalıyıq. Çatışmazlıqlarımız var və bu, normaldır. Lakin əsas məsələ öz oyunumuzu inkişaf etdirməkdir. Ümumilikdə, çempionatın gedişatına baxsaq, hər turda gözlənilməz nəticələrin qeydə alınması mümkündür.
– Komandanın oyununda, xüsusilə Yankoviçin oyununda son turlarda zəifləmə var. Bu nə ilə bağlıdır?
– Razıyam, daha yaxşı oynamalı, topa daha çox sahib olmalı və daha çox qol fürsətləri yaratmalıyıq. Bunun üzərində işləyirik. Əlbəttə, çatışmazlıqlarımız var, lakin onların hamısını burada açıqlamaq istəmirəm. Bizim həm potensialımız, həm də gücümüz var. Əgər müəyyən çatışmazlıqlar mövcuddursa, deməli, üzərində işləməli olduğumuz detallar da var. İlk növbədə məşqçi heyəti olaraq bu istiqamətdə çalışmalı, daha sonra futbolçulardan da lazımi tələbləri irəli sürərək problemləri aradan qaldırmalıyıq. İnşallah, bunu bacaracağıq.
– Azarkeşlər arasında əvvəlki “Qarabağ”ın görünmədiyi ilə bağlı fikirlər səslənir. Sizcə, komandada hansı dəyişikliklər baş verir?
– Dəyişikliklərin olacağını hər zaman gözləmək lazımdır. Futbol elə bir oyundur ki, burada daimi dəyişikliklər baş verir. Bəzən qısa müddətdə çoxsaylı dəyişikliklərin olması müəyyən mənada düşüncələrimizə və oyun planımıza təsir göstərə bilir. Əlbəttə, biz əvvəlki “Qarabağ”dan daha yaxşı olmağa çalışırıq. Bunu hər zaman istəyirik. Lakin bugünkü çempionatın səviyyəsini də nəzərə almaq lazımdır. Artıq hər bir rəqib özünə inanır, istənilən komanda digərinə qarşı yaxşı oyun qura bilir. Bu da çempionatın səviyyəsinin yüksəldiyini göstərir. Ola bilər ki, hazırda istədiyimiz oyunçu profilini tam şəkildə heyətimizə cəlb edə bilməmişik. Buna görə də bəzən oyun quruculuğunu mövcud futbolçuların xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışırıq. Amma düşünürəm ki, bu problemləri aradan qaldıracağıq. Futbolçularımızın potensialı var. Bəlkə də müəyyən çatışmazlıqları mövcuddur, lakin onların digər üstün cəhətlərindən də istifadə etməyə çalışacağıq. Avropa Liqasında mübarizəni dayandırmağımızın da komandaya müəyyən psixoloji təsiri oldu. Bundan əlavə, bəzi futbolçuların zədələnməsi rotasiya imkanlarımızı məhdudlaşdırdı. Buna baxmayaraq, mütləq şəkildə daha yaxşı olmalıyıq. Çatışmazlıqlarımızı gizlətmirəm. Rəqiblər nə qədər güclü olsalar da, bizim öz potensialımız var və hələ ki, onu tam şəkildə ortaya qoya bilmirik. Bir daha qeyd edirəm ki, əvvəlki “Qarabağ” olmayacağımızı düşünmürəm. Əksinə, daha yaxşı olmaq üçün çalışırıq. Əgər hansısa mərhələdə istədiyimiz nəticələri əldə edə bilməsək belə, bu, təslim olduğumuz və uğursuz olduğumuz anlamına gəlmir. Biz daim uğur qazanmaq, inkişaf etmək, yaxşı işləmək və müsbət nəticələr əldə etmək üçün çalışırıq. Azarkeşlər “Qarabağ”ı hər zaman daha yüksək səviyyədə görmək istəyirlər. Onlar komandanın əvvəlki oyununu xatırlayır və daha yaxşısını gözləyirlər. Bu, tamamilə başadüşüləndir. Sadəcə, hazırkı vəziyyəti uğursuzluq kimi qiymətləndirmək düzgün deyil. Qələbə qazandıqda komanda uğurlu görünür, amma əsas məsələ uzunmüddətli inkişafdır. Transferlərlə bağlı da bunu yanlış addımlar kimi qiymətləndirməzdim. Sadəcə, bir qədər zamana ehtiyacımız var. Komandanı istədiyimiz sürətli və dinamik oyun səviyyəsinə çatdırmaq üçün müəyyən vaxt lazımdır. Azarkeşlərimiz ruhdan düşməsinlər. Bəzən sosial şəbəkələrdə səsləndirilən neqativ fikirlərin ətrafında çoxlu müzakirələr yaranır və bu da istər-istəməz insanlara təsir edir. Amma qətiyyən bədbinliyə əsas yoxdur. Yaxşı komandamız, yaxşı kollektivimiz var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Bununla belə, daha yaxşı olmaq üçün çalışmağa davam edəcəyik. Heyətimizi genişləndirmək istiqamətində də işlərimiz davam edir. İnşallah, qarşıdakı dövrdə daha güclü və daha yaxşı “Qarabağ” görəcəyik.
Bahar RÜSTƏM



No Comment! Be the first one.