Konrad Fünfştük: Bəli, biz peşəkar komanda deyilik
“İlk növbədə, AFFA-ya təşəkkür edirəm. Birinci dəfədir Azərbaycana gəlirəm. Burada olmaqdan çox məmnunam. AFFA əməkdaşları bizim üçün çox gözəl şərait yaratdılar. Bu müddətdə Azərbaycan mədəniyyəti, insanlarının qonaqpərvərliyi ilə də tanış olduq. Ona görə minnətdaram”.
Sportify.az xəbər verir ki, bunu Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük Bakıda Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının oyunundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
– Oyun başa çatdıqdan sonra 1 xalı böyük coşqu ilə qeyd etdiniz. Bunun səbəbi nə idi?
– 40 min nəfər əhalisi olan bir ölkənin komandası kimi bu oyundan öncə favorit deyildik. Favorit Azərbaycan millisi hesab olunurdu. Lakin oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycan millisi 20 milyon avro dəyərə malikdir. Bu nəticəni əldə etməyimiz, təbii ki, bizi çox sevindirdi. Öz ölkəmizə böyük sevinclə dönəcəyik.
– Lixtenşteyn yığmasının da qol şansları oldu. Bu barədə nə deyərdiniz?
– Bugünkü nəticə hər iki komandaya 1 xal gətirdi. Hücum planında hər iki yığma yaxşı çıxış edirdi. Həm Azərbaycan millisinin, həm də bizim qələbə qazanmaq üçün yaxşı şanslarımız oldu. Lakin 0:0 hesabı da bizim üçün xeyirli nəticədir.
– Hücumda cəsarətli çıxışınızla bağlı hansı fikirdəsiniz?
– Biz arxanı sevmirik. Hücum planında çoxlu şansımız oldu. Amma yenə də özümüzü inkişaf etdirməli, daha yaxşı olmalıyıq. Son 3 oyunumuzdakı nəticələrin hamısından razıyam. Oyundan-oyuna inkişaf edir, yaxşılaşırıq. Biz bunu Litva və Malta ilə oyunlarda da gördük. Bugünkü qarşılaşmada da dəyərləndirərək, qalib gəlmək üçün 2-3 şansımız oldu. Təəssüf ki, bu, alınmadı. Yenə də qarşıdakı oyunlara baxacağıq və əlimizdən gələn hər şeyin yaxşısını edəcəyik.
– Tam ciddi soruşuram: Doğrudurmu ki, Lixtenşteyn yığmasının futbolçuları başqa sahələrdə çalışırlar və oyundan-oyuna toplaşırlar?
– Bəli, biz peşəkar komanda deyilik. Hər bir yığma kimi, bizim də millinin planı var, fəaliyyətimiz həmin plan üzrə gedir. Lixtenşteynli futbolçuların çox az hissəsi futbolçu maaşı ilə dolanırlar, böyük hissəsi isə öz peşə fəaliyyətləri ilə məşğuldurlar. Lakin özümüzün nizam-intizamımız var. Çalışırıq ki, komandanı formalaşdıraq. Oyundan-oyuna inkişafı görürük. Həm hücumda, həm də müdafiədə futbolçularımız özlərini cəsarətli göstərməyə çalışırlar.



No Comment! Be the first one.