İngiltərə millisi Xorvatiyanı darmadağın etdi: Tarixin ən böyük rüsvayçılığı
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyununda İngiltərə millisi səfərdə Xorvatiya yığmasını darmadağın edib — 0:7.
Sportify.az xəbər verir ki, Riyekada keçirilən qarşılaşma yerli azarkeşlərin 2025-ci ilin martında Fransa ilə oyunda törətdiyi insidentlər səbəbindən boş tribunalar önündə baş tutub. Meydanda tam üstünlük nümayiş etdirən ingilislərin heyətində Harri Keyn (8 və 53-cü dəqiqələr) ilə Bukayo Saka (45 və 68-ci dəqiqələr) dubla imza atıblar. Komandanın digər qollarını isə Cud Bellinqem (21), Entoni Qordon (39) və Morqan Rocers (87) vurublar.
Bu nəticə Xorvatiya millisinin bütün tarixi boyu üzləşdiyi ən böyükhesablı məğlubiyyət kimi qeydə alınıb. İngiltərə isə sonuncu dəfə 2023-cü ilin iyununda Şimali Makedoniyanı 7 cavabsız qolla üstələmişdi. İki komanda arasında keçirilən 14-cü qarşılaşmada 9-cu qələbəsini qazanan Britaniya təmsilçisi ilk dəfə xorvatlar üzərində iki topdan artıq fərqlə üstün olub.
Bu qələbədən sonra 3 oyuna 6 xal toplayan İngiltərə 3-cü qrupda ikinci pillədə qərarlaşıb. Üç xalı olan Xorvatiya isə üçüncü yerdə qalıb.
Qeyd edək ki, qrupdakı növbəti turun oyunlarında İngiltərə oktyabrın 6-da öz meydanında Çexiyanı qəbul edəcək, Xorvatiya isə həmin gün evdə İspaniya ilə üz-üzə gələcək.



No Comment! Be the first one.