4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
Monteneqronun Budva şəhərində 17 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
Sportify.az-ın məlumatına görə, 40 ölkədən 473 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb və hər biri qələbə qazanıb.
Əli Abaslı (60 kq) 1/16 finalda Abdurahim Sounu (Belçika) sınağa çəkib. Hər 3 raundu xeyrinə bitirən Abaslı yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, ikinci görüşündə Zeki Uğurla (Türkiyə) üz-üzə gələcək.
Yusif Həsənli (66 kq) Adrian Silvanı (Portuqaliya) 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. Həsənli 1/8 finalda Lukas Fulanoviçlə (Xorvatiya) münasibətinə aydınlıq gətirəcək.
Hidayət Məmmədov (70 kq) da 1/16 final döyüşünü aktivinə yazıb. O, Demid Kloçkoya (İsrail) ilk raundda qalib gəlib. Məmmədov növbəti qarşılaşmasında Joel Şutsla (İsveçrə) gücünü yoxlayacaq.
Yusif Ağakişiyev (75 kq) isə 1/16 finalda Eduard Tancerikanı (Rumıniya) yarışdan kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci görüşündə İvor Li (İngiltərə) ilə qüvvəsini sınayacaq.
Hər 4 döyüş oktyabrın 6-da baş tutacaq.
Qeyd edək ki, çempionatın qaliblərinin adlarına oktyabrın 11-də aydınlıq gələcək.




No Comment! Be the first one.