Yamalın atası qadın ofisiantın üzünə tüpürüb?
İspaniyanın “Barselona” klubunun 19 yaşlı vingeri Lamin Yamalın atası Munir Nasraui hava limanında dava-dalaşa səbəb olan insidentin mərkəzində olub.
Sportify.az xəbər verir ki, bu barədə İspaniyanın “El Español” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Barselona hava limanının kafeteriya bölməsində baş verib. Nasraui gödəkçəsini icazə verilməyən yerdə qoyub və buna görə müəssisənin əməkdaşı tərəfindən xəbərdarlıq alıb.
Xəbərdarlıqdan sonra tərəflər arasında mübahisə yaranıb. İddialara görə, futbolçunun atası qadın ofisiantın üzünə tüpürüb. Onu müdafiə etmək istəyən hava limanındakı sərnişinlərdən biri Nasrauiyə yaxınlaşsa da, o, həmin şəxslə də mübahisəyə girib və stulu götürərək ona tərəf atmağa cəhd edib.
Bu, Yamalın atasının son günlərdə adı hallanan ikinci qalmaqaldır.
Xatırladaq ki, bundan əvvəl Nasraui Londonda “London Palladium” teatrının yaxınlığında küçə insidentinə səbəb olub. O, “Qızıl top” mükafatlandırma mərasimindən sonra Rusiya nümayəndə heyətinin operatorunun smartfonunu az qala sındırıb. Hadisə Rusiya millisinin sabiq kapitanı Andrey Arşavinin gözü qarşısında baş verib.



No Comment! Be the first one.