Yeton Bekiri: Daha yaxşı “Qəbələ”ni görmək üçün zamana ehtiyacımız var
Misli Premyer Liqasının X turunda “Qəbələ” doğma meydanda “Qarabağ” ilə heç-heçə etdi: 0:0.
Sportify.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında junalistlərin suallarını cavablandırıb:
– Müdafiədə və hücumda yaxşı iş gördük. Qol vurmaq üçün bir neçə real imkanımız oldu. Lakin etiraf etmək lazımdır ki, bu gün ölkənin ən yaxşı və yaxşı təşkilatlanmış komandalarından birinə qarşı oynayırdıq. Belə rəqiblərə qarşı çoxsaylı qol imkanları əldə etmək asan deyil. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Düşünürəm ki, göstərdiyimiz oyuna əsasən bir xal qazanmağa layiq idik.
– Artıq müəyyən müddətdir komandaya rəhbərlik edirsiniz. Son oyunlarda da müsbət nəticələr əldə edirsiniz. Komandanın potensialını necə qiymətləndirirsiniz? Hədəfiniz Premyer Liqada qalmaqdır, yoxsa daha yüksək yerlər uğrunda mübarizə aparmaq?
– Düşünürəm ki, hər gün, hər məşq və hər oyun üzərində çalışmalıyıq. Futbolçularımızın məşqlərdə göstərdiyi münasibətdən razıyam. Onlar peşəkardırlar və gündən-günə bir-birimizi daha yaxşı anlayırıq. Biz çempionatın gedişində komandaya qoşulmuşuq. Buna görə də futbolçuların bizim oyun fəlsəfəmizi və taktiki tapşırıqlarımızı tam anlaması üçün müəyyən zamana ehtiyac var. Azərbaycan çempionatını da getdikcə daha yaxşı tanıyırıq. Bu liqanın keyfiyyətli olduğunu düşünürəm. Mövsümün sonu ilə bağlı indidən hansısa proqnoz vermək istəmirəm. Bizim üçün əsas məsələ oyundan-oyuna maksimum nəticə əldə etməyə çalışmaqdır. Hər gün ciddi işləməliyik. Buna nail olsaq, komanda olaraq daha da inkişaf edəcəyik.
– Bu gün start heyətində bir neçə yerli futbolçuya şans verdiniz. Ümumiyyətlə, yerli futbolçuların çıxışından razısınızmı? Qış fasiləsində heyətdə yerli futbolçularla bağlı dəyişikliklər gözlənilirmi?
– Açığı, mən futbolçuları yerli və əcnəbi olaraq ayırmıram. Mənim üçün komandada olan bütün oyunçular eyni statusa malikdirlər. Onların hamısı birlikdə məşq edir və kim məşqlərdə daha yaxşı çıxış edirsə, start heyətində oynamağa daha çox layiq olur. Bu gün start heyətində beş azərbaycanlı futbolçu meydana çıxdı. Onların məşqlərdəki çıxışından razıyam. Məhz buna görə də onlara şans verirəm. Bir daha vurğulamaq istəyirəm ki, mənim üçün futbolçunun haradan olması deyil, komandaya verdiyi töhfə və məşqlərdə göstərdiyi performans önəmlidir. Hər kəs öz oyunu ilə heyətdəki yerini qazanmalıdır.
– Çempionatın iki güclü komandası – “Sabah” və “Qarabağ”la oyunlarınızı müqayisə etsək, 0:4 hesablı məğlubiyyətdən sonra bu gün hansı dəyişikliklərə nail oldunuz? Futbolçuların performansında, yoxsa psixoloji vəziyyətində fərq var idi?
– İlk növbədə, psixoloji baxımdan müəyyən dəyişikliklər oldu. İkinci məqam isə oyun sistemimizi dəyişməyimiz idi. Sistem dəyişdikdə futbolçuların yeni tələblərə uyğunlaşması üçün müəyyən vaxta ehtiyac yaranır. Onlar meydanda nə etməli olduqlarını daha yaxşı anlamalıdırlar. Düşünürəm ki, “Sabah”la oyunda 0:4 hesabı real mənzərəni tam əks etdirmirdi. Həmin qarşılaşmada da qol imkanlarımız olmuşdu. Bu gün də fürsətlər əldə etdik. Həm “Sabah”, həm də “Qarabağ” Azərbaycan çempionatının ən güclü komandalarındandır. Bu rəqiblərdən xal almaq hər komanda üçün asan deyil. Bizim üçün əsas məsələ futbolçuların özlərinə inamını artırmaq, komanda ruhunu gücləndirmək və mübarizə əzmini yüksəltməkdir. Oyunçular hər gün, hər qarşılaşmada daha çox özlərinə inanmalıdırlar. Burada cəmi bir ay on gündür fəaliyyət göstəririk. Düşünürəm ki, daha yaxşı “Qəbələ”ni görmək üçün bir qədər də zamana ehtiyacımız var. İnanıram ki, komanda gündən-günə inkişaf edəcək və qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.
Bahar RÜSTƏM



No Comment! Be the first one.