Canni İnfantino: Onların hamısı Bakıda qol vurdu
FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatı və festivalını yüksək qiymətləndirib.
Sportify.az-ın məlumatına görə, isveçrəli funksioner mundialın yekunları ilə bağlı açıqlamasında tədbirin əhəmiyyətindən danışıb.
İnfantino bildirib ki, dünyanın 211 ölkəsinin hamısı turnirə dəvət olunsa da, onlardan 189-u iştirak edib. Onun sözlərinə görə, bütün iştirakçılar unudulmaz təcrübə yaşayıblar: “189 ölkənin hamısı ən azı bir qol vurdu. Beləliklə, çoxsaylı komandaların ilk dünya çempionatı qollarını qeyd etdik. 189 ölkə bir araya gəldi, tanış oldu, ünsiyyət qurdu. Eyni dili bilməsələr də, bir-birlərini başa düşdülər. Hamısı eyni kənddə qalırdı. Mən də orada oldum, onlarla söhbət etdim. Bu, həqiqətən, çox gözəl mənzərə idi. 14-15 yaşlı oğlanlar xoşbəxtlik, sevinc və sevgi saçırdılar. Onlar çox səmimi idilər və bu təcrübəni bütün həyatları boyu özləri ilə daşıyacaqlar”.
FIFA prezidenti futbolun hər kəs üçün əlçatan olmasının vacibliyini vurğulayıb: “FIFA-nın məqsədi də budur. Biz dünyanın hər yerində yaşayan insanlara fürsət, şans və ümid verməliyik. Hər bir istedadın FIFA Dünya Kubokunda iştirak etmək imkanı olmalıdır. Ölkəsinin böyük və ya kiçik, zəngin və ya kasıb olmasının, uzaqda və ya yaxında yerləşməsinin fərqi yoxdur. Hər kəs şansa layiqdir. FIFA baxımından bu nəticədən son dərəcə məmnunam. Düşünürəm ki, bu, FIFA-nın son 120 ildə gördüyü ən yaxşı işdir”.
İnfantino turnirin möhtəşəm alındığını və Bakıya gələn hər kəsin unudulmaz təcrübə qazandığını da vurğulayıb.
Qeyd edək ki, dünya çempionatının qalibi adını İspaniya qazanıb. Azərbaycan isə 84-cü yeri tutub.



No Comment! Be the first one.