Azərbaycan futzal millisinin kapitanı Emin Kürdovun Çexiya ilə evdə 2:2 hesablı etdikləri Dünya Çempionatı 2028-in seçmə mərhələsi matçdan sonra Sportify.az-a müsahibəsi:
– İlk oyunla bağlı fikirləriniz necədir?
– Çox sağ olun. Gördüyünüz kimi, çox gərgin oyun keçdi. Bu, gözlənilən idi. Çünki ilk görüşdə minimal hesabla məğlub olmuşduq. Ona görə də bu oyunun da ağır keçəcəyini bilirdik. Çexiya dünyanın ən güclü 10-15 futzal komandasından biridir. Avropa çempionatında mütəmadi iştirak edən güclü rəqibdir. Futzalımızın hazırkı vəziyyətində qazanılan hər xal, hər qələbə qızıla bərabərdir. Bunu əsla şişirtmirəm. Gördüyünüz kimi, mübarizə aparmaq çox çətindir. Komandamızın bütün üzvləri yerli oyunçulardır, öz uşaqlarımızdır. Həm futzalçılarımıza, həm də məşqçilər korpusuna təşəkkür edirik. Uşaqlar əllərindən gələni etdilər. Biz də çalışdıq ki, öz töhfəmizi verək. Hələ heç nə bitməyib, hər şey qarşıdadır. İki-üç gündən sonra Bakıda Latviya ilə oyunumuz olacaq. Düşünürəm ki, bu görüşdə qazanılan xal növbəti matça böyük motivasiya verəcək. İnşallah, həmin oyunda da uğurlu nəticə əldə edərik.
– Azarkeş dəstəyini necə qiymətləndirirsiniz?
– Çox yaxşı sualdır. Azərbaycan futzal tarixində ilk dəfə idi ki, milli komandamız regionda çıxış edirdi. Bu, sevindirici haldır. Üstəlik, millimiz ilk dəfə regionda xal qazandı. Azarkeşlər həqiqətən möhtəşəm idilər. Onlara öz təşəkkürümü bildirirəm. Bu bir neçə gün ərzində daim komandamızın yanında oldular, bizi tək qoymadılar. Bu oyunda da böyük dəstək göstərdilər. Qazanılan xalda onların da böyük əməyi var. Hər birinə minnətdarlığımı bildirirəm.
– Növbəti oyunların da regionlarda keçirilməsini istərdinizmi?
– Bu barədə yaxınlarda danışmışdıq. Çox istəyərdik ki, belə olsun. Təşkilati məsələlərdə həm federasiya rəhbərliyinin, həm də UEFA-nın bizə böyük dəstəyini gördük. Regionda bu isti münasibəti və azarkeş sevgisini hiss etdik. İstərdik ki, bundan sonrakı oyunlarımız da regionlarda təşkil olunsun.
– Növbəti oyunla bağlı fikirləriniz və gözləntiləriniz nədir?
– Bildiyiniz kimi, Latviya son oyunda Çexiya ilə 3:3 hesablı heç-heçə edib. Bu iki komanda bir-birinə yaxın gücdədir. Latviyanın üstün cəhətləri olduğu kimi, Çexiya ilə müqayisədə zəif tərəfləri də var. Düşünürəm ki, həmin qarşılaşma da gərgin keçəcək. Asan oyun olmayacaq. Çalışacağıq ki, qələbə qazanaraq xalqımızı sevindirək.
Bahar RÜSTƏM



No Comment! Be the first one.