Xankəndi Stadionunda konsert keçiriləcək
Əsaslı təmirdən sonra açılışı olan Xankəndi Stadionunda konsert proqramı keçiriləcək.
Bu barədə Sportify.az-a eyniadlı klubun mətbuat katibi Günel Abbbas məlumat verib.
Onun sözlərinə görə, təntənəli tədbiri “Xankəndi” və Futbolun İnkişafı Fondu birlikdə təşkil edəcəklər.
Klub rəsmisi hələlik ilk ev oyununun dəqiq tarixinin müəyyənləşmədiyini diqqətə çatdırıb.
Mətbuat katibi stadionda süni işıqlandırmanın da olduğunu, bu səbəbdən, axşam saatlarında da oyun keçirməyin mümkünlüyünü dilə gətirib.
Xatırladaq ki, Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” növbəti ev oyununu noyabrın 19-da “Karvan-Yevlax”a qarşı keçirməlidir. Peşəkar Futbol Liqası VIII tur qarşılaşmasının noyabrın 19-da Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacağını açıqlayıb. Daha sonra isə ev oyunu 9 – 11 dekabrda “Gəncəbasar”la nəzərdə tutulub. Hələlik bu oyunun dəqiq tarixi və yeri açıqlanmayıb.
Xankəndi Stadionu noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılmış süni örtüklü stadion 8554 tamaşaçı tutumuna malikdir.




No Comment! Be the first one.