“Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.
Sportify.az xəbər verir ki, çimərlik güləşi üzrə yarışlarda qızıl medal qazanan Elgün Kərimli çıxış etdiyi yarışın yekunları ilə bağlı təəssüratlarını bölüşüb və gələcək hədəflərini açıqlayıb.
Çimərlik güləşi üzrə yarışlarda Elgün Kərimli 8 Noyabr – Zəfər Günündə möhtəşəm uğura imza ataraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıb.
Qələbə təəssüratlarını bölüşən Olimpiya çempionu bu tarixi uğurunu ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlara həsr etdiyini bildirib:
“8 Noyabr – Zəfər Günündə Yeniyetmələrin Olimpiya çempionu oldum. Bu qələbəmi şəhidlərimizə, qazilərimizə və bizə bu Zəfər gününü yaşadan hər bir kəsə həsr edirəm” – deyə Elgün qeyd edib.
Elgün Kərimli qazandığı yüksək nəticədə böyük əməyi olan məşqçilər heyətinə də xüsusi təşəkkürünü ifadə edib. O, qarşıdakı turnirlərdə də bu uğurların ardının gələcəyinə inamını vurğulayıb.


No Comment! Be the first one.