"Turan"ın Çempionlar Liqasındakı ev arenası açıqlandı - RƏSMİ
Qadın voleybolçulardan ibarət “Turan” komandasının Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının məkanı açıqlanıb.
Sportify.az Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi rəqiblərini Tovuz Olimpiya İdman Kompleksində qəbul edəcək.
Doğma arenada ilk qarşılaşma dekabrın 16-da keçiriləcək. Rəqib Serbiyanın “Tent Obrenovats” komandası olacaq. Oyunu türkiyəli referi Nurper Özbar və slovakiyalı İqor Şimpl idarə edəcək.
Növbəti iki ev oyunu 2027-ci ilə təsadüf edəcək. Yanvarın 13-də “Turan” Türkiyə təmsilçisi “Eczacıbaşı Peron”u qəbul edəcək. Hakimlər bolqarıstanlı Vanya Parvanova və polşalı Aqneşka Mixlits olacaq.
Yanvarın 27-də isə “Turan” doğma azarkeşlər önündə İtaliyanın “Savino Del Bene Skandiççi” komandası ilə qarşılaşacaq. Matçı türkiyəli Erol Akbulut və Mixail Kutsulas idarə edəcək.
Hər üç görüş saat 19:00-da başlanacaq.
Qeyd edək ki, D qrupunda yer alan “Turan” noyabrın 25-də “Skandiççi”nin qonağı olacaq. Florensiya şəhərindəki “Wanny” Sarayında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Oyunu kiprli Andreas Daniil və monteneqrolu Yelena Mitroviç idarə edəcək.
Dekabrın 2-də Tovuz komandası İstanbulda “Eczacıbaşı” ilə qarşılaşacaq. Eyniadlı İdman Salonunda saat 20:30-da başlanacaq görüşə macarıstanlı Dyula Tillmann və bolqarıstanlı Dobromir Dobrev təyinat alıb.
Nəhayət, 2027-ci il fevralın 3-də “Turan” Obrenovats şəhərindəki İdman Mədəniyyət Mərkəzində “Tent”lə üz-üzə gələcək. Saat 22:00-da başlanacaq görüşü monteneqrolu Yelena Mitroviç və polşalı Bartlomey Adamçik idarə edəcək.



No Comment! Be the first one.