Valdas Dambrauskas: Müdafiədə müəyyən boşluqlarımız ola bilər
“Biz meydançaya çıxıb oyundan zövq, ləzzət almalıyıq”.
Sportify.az-ın məlumatına görə, bunu “Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas evdə İspaniya “Barselona”sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis rəqibi tanıdıqlarını bildirib: “Təbii ki, Avropada və La Liqadakı titullarını hər kəs bilir. Onlarda zəif məqam tapmaq baş məşqçi kimi mənim üçün çox çətindir. Özümüzə inanmalı, bir-birimizə güvənməliyik. Hazırda müdafiədə müəyyən boşluqlarımız ola bilər. Əlimizdən gələni etməliyik. Sabahkı oyun özümüzü yaxşı tərəfdən göstərmək üçün gözəl imkandır”.
Dambrauskas jurnalistlərin digər suallarını da cavablandırıb:
– Lamin Yamalın Bakıya gəlməyəcəyi məlum oldu. Bunu eşidəndə nə düşündünüz? Hazırda “Barselona”nın hansı futbolçularını daha çox fərqləndirərdiniz?
– İlk növbədə, Azərbaycan azarkeşləri və sabahkı oyuna gələcək insanlar üçün bir qədər təəssüfləndim. Çünki o, dünya futbolunun böyük simalarından, hazırda idman aləmində ən çox tanınan şəxslərdən biridir. Xüsusilə gənclər onu burada görmək istəyərdilər. Digər tərəfdən, futbol məşqçisi kimi başa düşürəm ki, futbolçuların hər oyunda meydana çıxması mümkün deyil.
Amma düşünürəm ki, bu, “Barselona”nın baş məşqçisi üçün problem olmayacaq. Çünki onların heyəti dünya ulduzları, dünya və Avropa çempionları ilə zəngindir. İnanıram ki, Yamalı eyni səviyyədə başqa futbolçu əvəz edə bilər.
Baş məşqçi və futbolçu kimi biz də ən yaxşılarla qarşılaşmaq istəyirik. Sabah qarşımızda dünyanın ən yaxşı futbolçularından ibarət komanda olacaq. Hər hansı birini ayrıca fərqləndirmək istəmirəm. Çünki onların hamısı dünya səviyyəli ulduzlardır.
– Belə oyunlarda futbolçuları matça kökləmək və motivasiya etmək sizin üçün çətin olur?
– “Barselona” ilə oyundan əvvəl futbolçuları motivasiya etməyə ehtiyacınız varsa, deməli, heyətinizdə yanlış oyunçular var. Çempionlar Liqasında oynamaq kimin üçünsə motivasiya mənbəyi olmalıdır.
İnanıram ki, həmin futbolçular uşaq vaxtı ilk məşqlərinə gedəndə, həyətdə futbol oynayanda özlərini şərhçi kimi təsəvvür edib Çempionlar Liqasında, “Barselona”, “Real Madrid”, “Mançester Yunayted” kimi klublarda oynamağı arzulayıblar. Son dəqiqədə qol vuraraq qələbə qazandıqlarını xəyal ediblər.
Belə oyunlarda məşqçilər üçün əsas məsələ motivasiya deyil. Əksinə, bu günlərdə hamı birdən sağlam olur, hər kəs məşq edə və oynaya bilir, heç kimin ağrısı olmur. Çünki futbolçular bu matçlar üçün xüsusi motivasiyaya malikdirlər. Çempionlar Liqasında oynamağa hazırlaşdığımız günlər motivasiya baxımından ən asan günlərdir.
– Sabah 68 min azarkeşin qarşısında meydana çıxacaqsınız. Bu qarşılaşma karyeranız baxımından nə ifadə edir? Həyatınızın ən vacib oyunudur, yoxsa sadəcə bu fürsətdən zövq almağa çalışacaqsınız?
– Əslində, sualın ikinci hissəsində cavabı özünüz verdiniz. Mən də eyni cür cavab verərdim. Bu, həyatımın ən vacib oyunu deyil. Çünki elə qarşılaşmalar var ki, mütləq qalib gəlməlisən, hansısa mərhələyə yüksəlməli, yeni fürsət qazanmalı və ya şanslarını artırmalısan.
Bu tip oyunlarda isə bizdən xüsusi nəticə gözlənilmir. Özümüzdən tələbimiz əlimizdən gələnin ən yaxşısını etmək, oyundan zövq almaq və mümkün olan ən yaxşı performansı göstərməkdir.
Anlamalıyıq ki, dünyanın ən güclü komandalarından biri ilə qarşılaşırıq. Hətta maksimum gücümüzü ortaya qoysaq belə, bu, onlarla rəqabət aparmaq üçün kifayət etməyə bilər. Sabah 100 faizlə oynamaq yetərli deyil. Özümüzü daha da inkişaf etdirməli, inamımızın, bacarığımızın və gücümüzün fövqünə çıxmalıyıq. Hər şey bizim üçün ideal alınmalıdır ki, heç kimin unutmayacağı, hər kəsi təəccübləndirəcək bir gecə yaşayaq. Bunun üçün əlimizdən gələni edəcəyik və ilk növbədə oyundan zövq almağa çalışacağıq.
– “Barselona” bu mövsüm əksər oyunlarda qalib gəlsə də, qollar buraxır. Müdafiədə bəzən etibarsız təsir bağışlayır. Son La Liqa matçında da 7 dəqiqə ərzində iki qol buraxmışdılar. Bu məqam futbolçularınıza əlavə motivasiya verirmi?
– Bütün komandalara hörmətlə yanaşaraq deyə bilərəm ki, dünyada qol buraxmayan komanda yoxdur. Hər bir rəqibə qarşı qol vurmaq mümkündür. Əlbəttə, “Borussiya Dortmund” və ya “Barselona” kimi komandaların qapısına qol vurmaq futbolçuların karyerasında xüsusi məna daşıyır.
Düşünürəm ki, dünyada Çempionlar Liqasında oynamaq və “Barselona”ya qol vurmaq arzusunda olmayan futbolçu yoxdur. Bu, əlbəttə, motivasiyadır. Hətta dostlarınla həyətdə futbol oynayanda, ailə üzvlərinə və ya uşaqlarına qarşı mübarizə aparanda belə qol vurmaq istəyirsən. Bəs Çempionlar Liqası matçı niyə fərqli olmalıdır?
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Barselona” görüşü saat 21:45-də başlanacaq.



No Comment! Be the first one.