Cavid Hüseynov: “Potensialımız daha çoxdur”
Misli Premyer Liqasında yeni mövsümün ilk turunda “İmişli” ilə qarşılaşan “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov matçdan sonra fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, 38 yaşlı mütəxəssis mətbuat konfransında komandasının hazırlıq prosesindən və qarşıdakı oyunlardan danışıb.
Hüseynov futbolçularının mübarizə əzmindən razı qaldığını bildirib: “Yeni mövsümün başlaması münasibətilə futbol ictimaiyyətini təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Çünki bizim hazırlıq müddətimiz 6 yox, 5 həftə alınmışdı. Ümumilikdə futbolçularımın mübarizə əzmindən razı qaldım”.
Baş məşqçi komandanın potensialının daha yüksək olduğunu vurğulayıb: “Məşq prosesində bunu inkişaf etdirib qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik. Qarşıda bizi çətin oyunlar gözləyir. Ümumiyyətlə, çempionatımız maraqlı keçəcək”.
Hüseynov rəhbərliyin komandaya göstərdiyi dəstəkdən də söz açıb. Mütəxəssis transferlər üçün yaradılan şəraitə görə klub rəhbərliyinə təşəkkür edib: “Rəhbərliyin dəstəyini hiss edirik. İstədiyimiz futbolçuların transferi üçün hər cür şərait yaratdılar. Buna görə də təşəkkür edirik”.



No Comment! Be the first one.