“Trabzonspor”un baş məşqçisi istefa verdi
Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Fatih Tekke tutduğu vəzifədən istefa verib.
Sportify.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis qərarını Macarıstanda “Ferentsvaroş”a 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında açıqlayıb.
O, 18 aylıq fəaliyyətinə son qoyduğunu bildirib: “Bəzi oyunlar var ki, insanı çox yaralayır. Bu məğlubiyyəti biri üzərinə götürməli idi, mən götürürəm. Bu gün etibarilə mən yoxam”.
Tekke komandanın Avropa Liqasına vəsiqə qazana bilməməsinin qəbulolunmaz olduğunu vurğulayıb: “Bugünkü məğlubiyyət qəbul edilə bilməz. Bəxtsizliklər qəbul edilə bilər, amma mən bunu qəbul edə bilmərəm. Belə də yata bilmərəm”.
Təcrübəli mütəxəssis istefası barədə klub rəhbərliyinə əvvəlcədən məlumat vermədiyini və qərarını ilk dəfə televiziya efirində açıqladığını söyləyib.
Qeyd edək ki, “Trabzonspor” “Ferentsvaroş”a 0:1 və 0:4 hesablı məğlubiyyətlərdən sonra Avropa Liqasında mübarizəni dayandırıb və yoluna Konfrans Liqasının liqa mərhələsində davam edəcək.



No Comment! Be the first one.