Ronaldu və Messi eyni komandada
Dünya futbolunun ulduzları Kriştianu Ronaldu və Lionel Messinin eyni komandada meydana çıxması yaxın vaxtlarda reallığa çevrilə bilər.
Sportify.az-ın məlumatına görə, Argentina futbolunun əfsanəsi Karlos Teves vida oyunu keçirməyə hazırlaşır.
Dekabrda Buenos-Ayresdəki əfsanəvi “La Bombonera” stadionunda təşkil olunması planlaşdırılan tədbirin əsas sürprizi isə Ronaldu və Messini eyni komandada bir araya gətirməkdir.
Teves vida oyunu üçün “Boka Xuniors”un prezidenti Xuan Roman Rikelme ilə razılığa gəlib. 2022-ci ildə futbolçu karyerasını başa vuran argentinalı keçmiş hücumçu tədbirə təxminən 60 məşhur futbolçunu dəvət etməyi planlaşdırır.
Teves həm Ronaldu, həm də Messi ilə eyni komandada oynayan nadir futbolçulardandır. O, 2008-ci ildə “Mançester Yunayted”in heyətində Ronaldu ilə birlikdə UEFA Çempionlar Liqasının qalibi olub. Argentinalı futbolçu daha sonra uzun illər Messi ilə milli komandada birgə çıxış edib.
Teves hər iki ulduzun tədbirdə iştirakına ümid etdiyini bildirib: “Leo Messi və Kriştianu Ronaldu orada olacaqlar. Lazım olsa, özüm gedib onları gətirəcəyəm. Hər ikisinin WhatsApp-da əlaqə nömrəsi məndə var”.
Tevesin dəvət etdiyi digər məşhur futbolçular arasında Ueyn Runi, Patris Evra, Rio Ferdinand, Nemanya Vidiç, Canluici Buffon, Andrea Pirlo, Pol Skoulz və Xuan Roman Rikelmenin də yer alacağı gözlənilir.
Plan baş tutsa, Ronaldu və Messinin ilk dəfə eyni komandada rəsmi olmayan bir matçda birlikdə meydana çıxması futbol tarixinin ən diqqətçəkən görüntülərindən birinə çevrilə bilər.



No Comment! Be the first one.