"Araz-Naxçıvan"ın futbolçuları millinin heyətindən çıxarıldı
Bu gün keçiriləcək UEFA Millətlər Liqasının oyunu ərəfəsində Litva və Azərbaycan yığmalarının iştirak ərizəsi açıqlanıb.
Sportify.az xəbər verir ki, meydan sahiblərinin 26 nəfərlik ilkin heyətindən 3 futbolçu kənarda qalıb.
Müdafiəçi Pijus Şirvis (“Tsele”, Sloveniya) və yarımmüdafiəçi Vaydas Maqduşauskas (“Banqa”) zədə üzündən çıxış etməyəcək. Daha bir müdafiəçi Dominikas Barauskas (“TransINVEST”) isə baş məşqçi Edqaras Yankauskasın qərarı ilə “23-lüy”ə düşməyib.
Yankauskasın azərbaycanlı həmkarı Ayxan Abbasov isə 7 futbolçuya – Ceyhun Nuriyev, Mustafa Əhmədzadə (hər ikisi “Araz-Naxçıvan”), Murad Xaçayev (“Neftçi”), Edqar Adilxanov (“Şamaxı”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”) və Anatoli Nuriyevə (“Kişvarda”, Macarıstan) bugünkü görüşdə ehtiyac duymayacaq.
Beləliklə, milliyə “Araz-Naxçıvan”dan dəvət almış hər iki futbolçu oyunu buraxacaq. Eyni zamanda “Şəfa”nın qarşılaşmada heç bir təmsilçisi olmayacaq. Legionerlərdən isə yalnız Nuriyev “23-lüy”ə düşməyib.
Qeyd edək ki, Kaunas şəhərində keçiriləcək Litva – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.