Azərbaycan Super Liqasına iki yeni klub gəldi - SİYAHI
Voleybol üzrə Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə iştirak edəcək bütün komandalar müəyyənləşib.
Sportify.az xəbər verir ki, yeni mövsümdə də kişilər arasında 6, qadınların yarışında isə 9 komanda mübarizə aparacaq.
Qadınların Super Liqasında ötən mövsümlə müqayisədə iki dəyişiklik baş verib. “Abşeron” və “Gənclər” klubları fəaliyyətini dayandırıb. “Gənclər”in heyətində yer alan Azərbaycan millisinin gənc üzvləri isə digər komandaların heyətlərinə cəlb olunublar.
Bu iki komandanın yerinə “Azərmaş Abşeron” və “Naxçıvan” elitaya qoşulub. “Azərmaş Abşeron”un əvvəlki “Abşeron” klubu ilə heç bir bağlılığı yoxdur. “Naxçıvan” isə fəaliyyətə əvvəlcə “Möminə Xatun” adı ilə başlasa da, daha sonra adını dəyişib.
Beləliklə, qadınların mübarizəsində “Turan”, “DH Volley”, “Azərreyl”, “Murov Az Terminal”, “Azərmaş Abşeron”, “Naxçıvan”, UNEC, “Gəncə” və Milli Aviasiya Akademiyası iştirak edəcək.
Kişilərin Super Liqasında isə ötən mövsümlə müqayisədə dəyişiklik olmayacaq. “Xilasedici”, “Neftçi”, “Azərreyl”, “Murov”, “Ordu” və “Gənclər” komandaları yeni mövsümdə də mübarizə aparacaqlar. Qadınlardan fərqli olaraq, “Gənclər”in kişilərdən ibarət komandası fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan Super Liqasının yeni mövsümünün oktyabrın sonu – noyabrın əvvəlində başlaması planlaşdırılır. Start tarixinə tezliklə federasiyadaxili toplantıda aydınlıq gətiriləcək.



No Comment! Be the first one.