Azər Məmmədov: Özümü yığışdırmalıyam
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov evdə “İmişli”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 50 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Bilirik ki, yaxşı komandaya qarşı oynayırıq. Rəqib son iki oyununu qələbə ilə başa vurmuşdu. Bu səbəbdən, bizim üçün çətin olacağını düşünürdük. Hər şeyə rəğmən, hesab edirəm ki, rəqib də Gəncədə “Kəpəz”ə qarşı oynamağın asan olmadığını bilirdi. Etiraf edim ki, bu qələbədə pay sahibi olan əsas qüvvələr Gəncənin, “Kəpəz”in azarkeşləri və futbolçularımızdır. Həm azarkeşlərə, həm də futbolçularımıza təşəkkür etmək istərdim. Komandamızın oyundan-oyuna inkişaf etdiyini hiss edirik. Ən sevindirici məqamlardan biri də odur ki, artıq neçə oyundur qol və qollar vururuq. Bu gün məni sevindirən digər məqam isə qapımızda qol görməməyimiz oldu. Düşünürəm ki, bu şəkildə davam etsək, xallarımızı artıracağıq. Bir məqamı da qeyd etmək istəyirəm: Artıq iki oyundur – həm “Şəfa”, həm də “İmişli” ilə qarşılaşmalarda sırf mərkəz hücumçusu – 9 nömrə ilə oynaya bilmirdik. Demək olar ki, hücumçusuz mübarizə aparırdıq. Buna baxmayaraq, iki oyunda üç qol vurmağımız futbolçularımızın böyük əməyidir. Fürsətdən istifadə edib onlara bir daha təşəkkür edirəm.
– Kennet Kalunqa hücumçu olsa da, meydana sonradan daxil oldu və oyunu canlandırdı. Niyə belə qərar vermişdiniz? Yalançı “9 nömrə” ilə oynamaq məcburiyyətiniz taktiki gedişdir, yoxsa rəqibə sürpriz?
– Həqiqətən də yaxşı sualdır. Mən özüm də bu barədə düşünürdüm. Açığını desəm, son iki oyunda sırf hücumçusuz oynamağımızın səbəbi Kalunqanın zədəli olması və zədədən yeni qayıtması idi. Onun bərpa prosesi davam edirdi. Bu gün onu ilk dəqiqələrdən meydana buraxıb yenidən zədələyərək uzun müddətlik itirməkdənsə, hazır olduğu qədər bizə kömək etməsini düşündüm. Bu amili nəzərə alaraq hücumçulu və hücumçusuz oyun variantı üzərində dayandıq. Düşünürəm ki, Kalunqa və Namik Ələskərovun meydana daxil olmaları komandamıza effekt verdi.
– Namik Ələsgərovun vurduğu qolun noyabr ayının ən yaxşı qolu seçilmək şansını necə qiymətləndirirsiniz? Sizcə, o artıq bu mükafatın favoritidir?
– Məşqçilər otağında da bu qol barədə kiçik müzakirəmiz oldu. Biz də sizin kimi fikirləşdik ki, Namikin qolu ayın ən yaxşı qolu seçilər.
– İki fərqli hissə izlədik. Namik Ələsgərovun ikinci hissədə meydana buraxılması əvvəlcədən düşünülmüş taktiki gediş idi, yoxsa fiziki durumu buna imkan verirdi?
– Kalunqa ilə bağlı dediyim məsələ Namikə də aiddir. Hər iki futbolçumuz “Zirə” ilə əvvəlki çempionat oyunundan sonra zədə almışdı və biz onları qorumağa çalışırdıq. Bizim üçün əsas məsələ futbolçuların sağlamlığıdır. Onları uzun müddətə itirmək istəmirdik. Bu səbəbdən düşündük ki, hər iki futbolçu – həm Namik Ələsgərov, həm də Kennet Kalunqa müəyyən müddət ərzində meydana daxil olaraq komandamıza kömək edə bilərlər. Göründüyü kimi, futbolçularımız da sağ olsunlar, meydana çıxdılar və komandamızın gücünə güc qatdılar.
– “Kəpəz” əvvəlki dövrlərdə qol vurmaqda çətinlik çəkirdi. İndi isə komanda, demək olar ki, hər oyunda fərqlənir. Buna necə nail olmusunuz?
– Əlbəttə, bu, futbolçularımızın məşqlərdə çəkdikləri əziyyətin bəhrəsidir. Biz də çalışırıq ki, qeyd etdiyiniz keyfiyyətlər üzərində çox işləyək və məşqlərdə keyfiyyətə çox üstünlük verək. Komandamız qol vurduqca, hər oyunda və hər turda fərqləndikcə çox sevinirəm. Qapımızda qol görməyəndə isə daha çox sevinirəm. Bunun əsas səbəbi futbolçuların məşqlərdə çəkdiyi əziyyətdir. Digər tərəfdən, onlara rahatlıq vermişəm, özlərindən razılıq yox, özlərinə inam və güvən aşılamışam. Düşünürəm ki, futbolçular da həmin güvəndən istifadə edərək rahat şəkildə futbol oynayırlar.
– Meydanda sizi ilk dəfədir bu qədər emosional və həyəcanlı görürük. Bu, səhhətinizə təsir etmir?
– Düzü, güman edirəm ki, təsiri var. Ancaq bilirsiniz ki, sarı vərəqə aldım. Buna görə çox təəssüflənirəm. Futbolçu kimi oynadığım vaxtlarda nadir hallarda sarı vərəqə alırdım. Baş məşqçi kimi isə bu, ilk sarı vərəqəm idi. Düşünürəm ki, bəzi məsələlərdə özümü yığışdırmağım lazımdır.



No Comment! Be the first one.