Ervins Perkons: Bu stadionda belə cəsarətlə oynayan komanda görməmişəm
“İmişli”nin baş məşqçi əvəzi Ervins Perkons səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 36 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Hər iki komandanın azarkeşlərinə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm. Belə atmosferdə oynamaq böyük zövq idi. Bu stadionda oynamağın nə qədər çətin olduğunu bilirdik. Azarkeşlərin təzyiqindən xəbərdar idik. Ümumilikdə, komandamızın çıxışını yaxşı qiymətləndirirəm, amma nəticə istədiyimiz kimi olmadı. Bu oyuna üç xal qazanmaq məqsədilə hazırlaşmışdıq. Təəssüf ki, rəqib möhtəşəm qol vurdu, biz isə yaratdığımız imkanlardan yararlana bilmədik. Nəticəyə görə çox məyusam, amma futbolçularımın göstərdiyi performansla fəxr edirəm.
– Komandanız mübariz oyun nümayiş etdirsə də, nəticədə “Kəpəz” qalib gəldi. Məğlubiyyətin əsas səbəbi nə oldu?
– Əsas səbəb rəqibin qol vurması, bizim isə bunu bacarmamağımızdır. Onlar imkanlarından yararlandılar, biz isə yararlana bilmədik. Bununla belə, rəqibin bizdən daha yaxşı komanda olduğunu deyə bilmərəm. Oyunun müəyyən hissələrində biz bir qədər geriyə çəkildik, rəqib daha fəal oldu. Bəzi məqamlarda isə topa daha çox sahib olduq, irəli pressinq etdik və rəqib müdafiəyə çəkildi. Hər iki tərəf üçün kifayət qədər gərgin və intensiv qarşılaşma oldu. Futbol səhvlər oyunudur. Biz bir səhv etdik, rəqib cərimə zərbəsi qazandı və bundan məharətlə yararlandı.
– Kubokla birlikdə, ardıcıl üç qələbədən sonra səfərdə ilk məğlubiyyət aldınız. Qoldakı epizodda rəqib futbolçunun ustalığı rol oynadı, yoxsa qapıçının səhvi var idi?
– Məncə, yaxşı zərbə idi. Qapıçıların işinə münasibət bildirmək istəmirəm, çünki qapıçı məşqçisi deyiləm. Yəqin ki, həmin epizod qapıçı məşqçisi ilə birlikdə təhlil ediləcək. Mənim gördüyümə əsasən, həqiqətən də möhtəşəm zərbə idi. Kubok matçına gəlincə, həftəiçi oyunumuz olmuşdu. Təəssüf ki, bu səbəbdən bəzi futbolçularımızı istədiyimiz qədər dincəldə bilmədik. Onların bu qarşılaşmaya daha hazırlıqlı və enerjili çıxmasını istəyirdik. Buna baxmayaraq, komandanın sonadək göstərdiyi enerjini bəyəndim. Oyunun sonuna qədər mübarizə apardıq. Hətta mərkəz müdafiəçimizi hücumçu mövqeyinə çəkərək nəticəni dəyişməyə çalışdıq. Düşünürəm ki, biz daha çox buraxdığımız qollara və etdiyimiz səhvlərə diqqət yetiririk. Ancaq futbolçularımızın göstərdiyi cəsarəti də qiymətləndirməliyik. Bu mövsüm bu stadionda belə cəsarətli oyun nümayiş etdirən çox komanda görməmişəm. Əksər komandalar geriyə çəkilərək müdafiə olunmağa üstünlük verirlər. Biz isə cəsarətlə oynadıq. Buna görə futbolçularımıza haqq qazandırmalı və onların əməyini qeyd etməliyik.
– Həyatınızda belə gözəl stadion görmüşdünüz?
– Təbii ki, həyatımda daha gözəl stadionlar görmüşəm. Ancaq məşqçi kimi belə atmosferdə ilk dəfə idi ki, qarşılaşmaya çıxırdım. Bir çox futbolçumuz üçün də bu, ilk təcrübə idi. Oyundan əvvəl futbolçularla bu barədə danışmışdıq. Demişdim ki, futbolçu və məşqçi kimi hamımız belə anların arzusunda oluruq. Futbola başladığımız, uşaqlıqdan məşqlərə gəldiyimiz vaxtdan dolu stadionlarda belə atmosferdə oynamağı xəyal edirik. Hər iki komandanın azarkeşlərinə bir daha təşəkkür edirəm. Bu stadionda, belə atmosferdə oynamaq böyük zövq idi. Futbol məhz bundan ibarətdir. Futbol azarkeşlər üçündür və onlar futbolçuların öz bacarıqlarını nümayiş etdirmələri üçün möhtəşəm şərait yaratdılar.



No Comment! Be the first one.