Azərbaycanın kişi və qadın şahmat milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçiriblər.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi VI turda Argentina yığması ilə qarşılaşıb.
Görüş yığmanın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçə ediblər, Aydın Süleymanlı isə qalib gəlib.
8 xalla turnir cədvəlində 11-ci sırada yer alan komanda əvvəlki turlarda Mərakeşə (4:0), Filippinə (3:1) və İsveçrəyə (3:1) qalib gəlib. Çexiya və Rumıniya ilə görüşlər isə 2:2 hesabı ilə başa çatıb.
Qadınlardan ibarət Azərbaycan yığması isə VI turda Qazaxıstanla üz-üzə gəlib. Qarşılaşma rəqibin üstünlüyü ilə yekunlaşıb – 1,5:2,5. Xədicə Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova rəqibləri ilə bərabərə qalıblar, Günay Məmmədzadə isə uduzub.
10 xalla 4-cü pillədə qərarlaşan komanda turnirdə Qvatemala və Danimarkanı 4:0, İsveç və İngiltərəni 2,5:1,5, Serbiyanı isə 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.



No Comment! Be the first one.