“Barselona” ilə oyuna 20 bilet almışam, hamısının pulunu özüm ödəmişəm - Timoteuş Puxaç
“Sabah”ın və Polşa millisinin futbolçusu Timoteuş Puxaçın səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının XII tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Oyunla bağlı fikirləriniz necədir?
– Oyuna daha yaxşı başlamalı idik, amma qələbə qazandığımız üçün xoşbəxtik. Son oyunlardakı nəticələrimizi nəzərə alsaq, bu qələbəyə ehtiyacımız var idi. Qırmızı vərəqə matçın gedişatına ciddi təsir etdi. Bundan sonra bizim üçün oyun daha asan keçdi. Qələbəyə görə sevincliyik.
– Matçda belə böyük hesablı qələbə gözləyirdiniz?
– Bizim oyun üslubumuzu nəzərə alsaq, matçlarda 4-5 qol vurmağımız mümkündür. Hücumameyilli futbol bizim əsas üstünlüyümüzdür. “Zirə” ilə oyunda da 5 qol vurmuşduq, ötən mövsüm isə “Qəbələ”ni 7:1 hesabı ilə məğlub etmişdik. Bəzən çox qol vururuq, bəzən isə fərqlənməkdə çətinlik çəkirik. Amma bir məqam dəqiqdir: biz hər zaman çoxlu qol imkanları yaradan komandayıq. Bəzən əsas məsələ həmin fürsətləri dəyərləndirməkdir. Mən heç vaxt oyunun hansı hesabla başa çatacağını əvvəlcədən düşünmürəm. Meydana çıxanda yalnız öz mövqeyimdə görməli olduğum işə köklənirəm.
– Rəqibin azlıqda qalması oyunun gedişinə nə dərəcədə təsir etdi?
– Əlbəttə, böyük təsiri oldu. Qırmızı vərəqə matçın 33-cü dəqiqəsində göstərildi və rəqib oyunun yarıdan çoxunu 10 nəfərlə keçirməli oldu. Təbii ki, bu, oyuna 100 faiz təsir göstərir.
– “Sumqayıt”a vurduğunuz möhtəşəm qol haqqında nə deyə bilərsiniz?
– Heç nə. Sadəcə, top qapıya gedirsə, deməli, qoldur (gülür – red.).

– “Sabah”da əsas heyətdə daimi oynayırsınız, amma Polşa millisində nadir hallarda meydana çıxmırsınız. Noyabr qarşılaşmalarını isə kənardan izlədiniz. Bunun səbəbi nədir?
– Bu barədə baş məşqçi Yan Urbandan soruşmalısınız. Heyəti və oyunçuların seçimini baş məşqçi müəyyənləşdirir. Bəzən oynayırsan, bəzən isə yox. Futbol belədir. Mənim mövqeyimdə Çexiyanın “Slaviya Praqa” komandasından dəvət alan 20 yaşlı, perspektivli futbolçu Oskar Kubyak var. O, son iki matçda yaxşı çıxış edib. Əlbəttə, mən də oynamaq istəyirəm. Amma bunun üçün həm Çempionlar Liqasında, həm də çempionatda – “Sabah”ın heyətində yaxşı çıxış etməliyəm. Bundan sonra nə olacağını görəcəyik. Ehtiyat oyunçular skamyasından meydana çıxmaq imkanı bəzən çox qısa müddətdə yaranır. Bəzən oynamırsan, amma meydana dəvət olunanda komandaya faydalı olduğunu göstərməlisən.
– “Barselona” ilə qarşıdakı Çempionlar Liqasının V tur oyunu ilə bağlı proqnozunuz nədir?
– Dediyim kimi, nəticənin necə olacağını əvvəlcədən proqnozlaşdırmıram. Mənim üçün bu da digər oyunlar kimi bir matçdır və qələbə qazanmaq istəyirəm. Bəlkə də, bəzi insanlar üçün bu, qəribə səslənə bilər, amma mənim üçün fərqi yoxdur. Meydana “Barselona”, “Sumqayıt” və ya başqa komandaya qarşı çıxmağımdan asılı olmayaraq, həmişə qalib gəlmək istəyirəm. Oyundan əvvəl də yalnız qələbəyə köklənirəm.
– 25 noyabr qarşılaşmasında Bakı Olimpiya Stadionunun 70 min nəfərlik tribunalarının tam dolacağı gözlənilir. Artıq 60 mindən çox bilet satılıb. Bu, sizə əlavə motivasiya verirmi?
– Belə stadionlarda, bu cür azarkeşlər qarşısında oynamağa öyrəşmişəm. Mənim üçün bu, adi oyundur. Stadionda 70 min, yaxud “Sumqayıt”la matçda olduğu kimi 2 min azarkeşin olmasının fərqi yoxdur. Mən yalnız meydana və öz oyunuma köklənirəm. Əlbəttə, azarkeşlərin qarşısında oynamaq xoşdur. Amma rəqib “Barselona” olduğu üçün bu qədər insanın gəlməsi də başadüşüləndir.

– Karyeranız ərzində “Barselona” səviyyəsində rəqiblərə qarşı oynamısınız?
– Bəli, Almaniyanın “Bavariya”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandalarına qarşı oynamışam. İspaniya “Real Madrid”i və İngiltərə “Mançester Yunayted”i kimi komandalar da mənim üçün yad deyil.
– “Barselona” ilə oyunu izləmək üçün ailə üzvləriniz və yaxınlarınız da Bakıya gələcəklər?
– Əlbəttə. “Barselona” dünyanın ən böyük klublarından biridir. Buna görə də Polşadan ailə üzvlərim və dostlarım olmaqla 20-dən çox insan Bakıya gələcək.
– Onlar üçün biletləri özünüz əldə etmisiniz?
– Təbii ki, biletləri mən almalıyam (gülür – red.). Ailə üzvlərim və dostlarım gələcəyi üçün 20-dən çox bilet götürmüşəm. Klub bizə də bilet təklif edir, amma biz də digər azarkeşlər kimi, onların pulunu ödəyirik. Biletlər bizə pulsuz verilmir. Mən də öz biletlərimin pulunu ödəmişəm.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.