“Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşı oldu
“Bolt” şirkəti Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşı olub.
Sportify.az xəbər verir ki, 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq Bakı-2026 dünya çempionatı çərçivəsində “Bolt” və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlığa başlanılıb. Tərəfdaşlığın gələcəkdə uzunmüddətli əməkdaşlığa çevrilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində yarış iştirakçıları, qonaqlar və azarkeşlər üçün şəhərdaxili nəqliyyat imkanlarının daha rahat təşkili planlaşdırılır. Çempionat günlərində “Bolt” tətbiqindən istifadə edənlər səfərlərə 25 faiz endirim əldə edə biləcəklər. Endirimdən istifadə qaydaları yarış ərəfəsində açıqlanacaq.
Bundan başqa, “Bolt for Business” həlli vasitəsilə təşkilatçı və tərəfdaşların işgüzar səfərlərinin vahid platformadan idarə olunması mümkün olacaq.
“Bolt for Business”in Azərbaycan üzrə rəhbəri Salman Babazadə bildirib ki, şirkət rəsmi mobillik tərəfdaşı kimi iştirakçıların, qonaqların və azarkeşlərin şəhər üzrə hərəkətini asanlaşdırmağı qarşıya məqsəd qoyub.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə irimiqyaslı yarış zamanı mobilliyin səmərəli təşkilinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Bakı-2026 cüdo üzrə dünya çempionatında fərdi yarışlar 4–10 oktyabrda, qarışıq komanda yarışı isə oktyabrın 11-də keçiriləcək. Mundialda 97 ölkədən 640 cüdoçunun iştirakı gözlənilir.



No Comment! Be the first one.