Dünya rekordu: 1 oyunda 53 qırmızı vərəqə
Braziliyada U-20 komandaları arasında keçirilən futbol matçında dünya rekordu qeydə alınıb.
Sportify.az xəbər verir ki, Minas-Jerays ştatının ikinci divizionunda “Uberlandiya” və “Mamore” komandalarının yarımfinal qarşılaşmasında ümumilikdə 53 qırmızı vərəqə göstərilib. Bu barədə “CNN Brasil” məlumat yayıb.
Matçın 54-cü dəqiqəsində “Mamore”nin futbolçusu Davi qol vurduqdan sonra rəqib komandanın oyunçularına qarşı təxribat xarakterli jestlər edib və onları təhqir edib. Bu hadisə meydanda kütləvi davaya səbəb olub.
İnsidentdən sonra baş hakim Fernando Patrik “Mamore”nin 21, “Uberlandiya”nın isə 22 futbolçusunu meydandan qovub. Bundan əlavə, hər iki komandanın məşqçilər heyətindən səkkiz nəfərə və klub rəhbərliyinin iki nümayəndəsinə qırmızı vərəqə göstərilib. Beləliklə, meydandan qovulanların ümumi sayı 53-ə çatıb.
Hadisədən sonra hakim “Mamore”nin 3:1 hesabı ilə öndə olduğu qarşılaşmanı dayandırıb. O, matçın davam etdirilməsinin mümkün olmadığını protokolda qeyd edib. Fernando Patrik həmçinin “Uberlandiya”nın meneceri tərəfindən ünvanına təhdidlər səsləndirildiyi üçün polisə müraciət etdiyini bildirib.
Beləliklə, bu qarşılaşma futbol tarixində ən çox qırmızı vərəqə göstərilən oyun kimi qeydə alınıb. Əvvəlki rekord 36 qırmızı vərəqə ilə 2011-ci il fevralın 27-də Argentinanın beşinci divizionunda keçirilən “Atletiko Kleypol” – “Viktoriano Arenas” matçına məxsus idi.



No Comment! Be the first one.