Fərid Namazov: Bəxtiyarla bağlı hadisəni normal qarşılayıram
“Rəqibimizin bu il avrokuboklardan kənarda qalması onların bütün oyunlara tam heyətlə çıxmasına şərait yaradır”.
Sportify.az xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Fərid Namazov “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis Ağdam təmsilçisinin əvvəlki mövsümlərlə müqayisədə heyət seçimi baxımından daha rahat olduğunu bildirib.
Onun sözlərinə görə, “Qarabağ” avrokuboklarda çıxış etdiyi vaxtlarda həftəiçi oyunlarda rotasiyalara əl atırdı, indi isə əksər matçlarda əsas heyətlə çıxır: “Biz də buna uyğun hazırlaşmışdıq. Bəzi futbolçuların oynaya biləcəyini təxmin edirdik və düşündüyümüz heyətlə qarşılaşdılar. Həftə ərzində ciddi hazırlaşmışdıq”.
Namazov komandasının ilk hissədə seçdiyi taktikanın üzərində dayanıb. O, “İmişli”nin həm müdafiədə etibarlı oynamağa, həm də əks-hücumlarla rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışdığını söyləyib: “Oyunun birinci hissəsində planımıza uyğun olaraq daha yaxşı müdafiə olunmaq və əks-hücumlarda rəqibi yaxalamaq istəyirdik. Bir neçə epizodumuz da oldu. Bununla yanaşı, topa daha çox sahib olmağa və topu rəqibdən aldıqdan sonra oyuna nəzarət etməyə çalışırdıq”.
Baş məşqçinin fikrincə, ikinci hissədə “Qarabağ”ın təzyiqi artıracağını əvvəlcədən gözləyiblər. Ancaq müdafiədəki diqqətsizlik komandanın planlarını pozub: “İkinci hissədə rəqibin üstünlük qazanacağını bilirdik. Onların daha çox təzyiq göstərəcəyini, uzaqdan zərbələrlə və hücuma daha çox futbolçu cəlb etməklə bizə problem yaratmağa çalışacağını gözləyirdik. Planımız aşağı zonalarda müdafiə olunmaq, rəqibə boş sahələr verməmək və onların oyun zonalarını daraltmaq idi. Təəssüf ki, ani diqqətsizlikdən sonra əks-hücumda qol buraxdıq”.
Namazov ikinci qoldan əvvəl topun meydanı tərk etdiyini düşündüyünü də gizlətməyib. Bununla belə, o, təkrar görüntülərə baxdıqdan sonra fikrinin dəyişə biləcəyini istisna etməyib: “Bundan sonra da qol epizodlarımız oldu. Fərid Nəbiyev və İdris İnqilablının yararlana biləcəyi bir epizodu var idi, amma alınmadı. Fikrimcə, buraxdığımız ikinci qoldan əvvəlki epizodda top rəqib futbolçuya dəyərək meydandan çıxmışdı. Ola bilsin, sonradan təkrar baxdıqda fikrim dəyişsin, amma ilkin təəssüratım belədir. Həmin epizoddan sonra da diqqətli olmaq, tez geri qayıtmaq və müdafiəni təşkil etmək lazım idi. Təəssüf ki, bunu bacarmadıq”.
“İmişli”nin baş məşqçisi məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışından razı qaldığını vurğulayıb. O, komandanın qarşıdakı həftə “Turan Tovuz”la oyuna hazırlaşacağını qeyd edib: “Ümumilikdə, düşünürəm ki, uşaqlar pis oynamadılar. Onlara təşəkkür edirəm. Oyun ərzində konsentrasiyanı qorumağa çalışdılar. İki epizodda diqqətsizlik etməyimiz, əlbəttə, yaxşı deyil, amma ümumi götürəndə komandadan razıyam. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, növbəti həftə “Turan Tovuz”la qarşılaşmaya daha yaxşı hazırlaşaq”.
Mətbuat konfransında Bəxtiyar Həsənzadənin oyunun sonlarına yaxın aqressiv davranışları da müzakirə olunub. Hakimin həmin epizoda görə futbolçuya ikinci sarı vərəqə göstərə biləcəyi ilə bağlı suala cavab verən Namazov hadisəni oyunun gərginliyi ilə əlaqələndirib: “Bəxtiyar təbiət etibarilə həqiqətən sakit insandır. Onu nə məşqlərdə, nə də başqa vaxtlarda aqressiv davranan biri kimi görərsiniz. Sadəcə, oyunun müəyyən hissələrində, xüsusilə təzyiq altında olduğumuz və hesabı bərabərləşdirmək üçün fürsət qazandığımız epizodlarda bəzi xırda detallar futbolçunu emosional vəziyyətə sala bilər. Bəxtiyarın davranışının da hesabı bərabərləşdirməyə çalışdığımız anlarda yaranan emosiyalarla bağlı olduğunu düşünürəm. Əlbəttə, belə davranışların tərəfdarı deyilik. Futbolçuların bu cür epizodlarda vərəqə almasını istəmirik. Amma dediyim kimi, Bəxtiyar komandamızın ən sakit təbiətli futbolçularından biridir və adətən belə davranışlara yol vermir. Futbol emosional oyundur, ona görə də bu hadisəni normal qarşılayıram”.



No Comment! Be the first one.