FIFA-dan əvəzetmələrlə bağlı yenilik
FIFA matçlar zamanı əvəzetmələrin həyata keçirilməsi üçün yeni rəqəmsal sistem hazırlayır.
Sportify.az xəbər verir ki, yeni sistemin əsas elementlərindən biri elektron tablo olacaq.
Tablo meydana daxil olan və oyundan çıxan futbolçuların nömrələrini avtomatik göstərəcək.
Hazırda bu nömrələri dördüncü hakim əvəzetmə tablosuna əl ilə daxil edir. Yeni sistemdə isə məlumatlar komanda nümayəndələrinin əvəzetməni rəsmiləşdirdiyi proqramdan birbaşa elektron tabloya ötürüləcək. Bununla da əl ilə həyata keçirilən əməliyyatların sayı azalacaq və əvəzetmə prosedurunun sürətlənməsi təmin olunacaq.
FIFA əvəzetmə prosesinin komanda nümayəndəsinin müraciətindən başlayaraq matçın rəsmi şəxsləri tərəfindən qeydiyyata alınmasına və futbolçuların nömrələrinin tabloda əks olunmasına qədər tam elektronlaşdırılmasını planlaşdırır.
Bununla belə, yeni sistem hakimlərin rolunu dəyişməyəcək. Dördüncü hakim əvəzetmə proseduruna nəzarəti davam etdirəcək. Ehtiyat futbolçu yalnız oyun dayandırıldıqdan, əvəzlənən oyunçu meydanı tərk etdikdən və hakimin icazəsini aldıqdan sonra meydana daxil ola biləcək.
Layihə FIFA Innovation Programme çərçivəsində hazırlanır. Ən uğurlu layihələrin gələcəkdə FIFA-nın təşkil etdiyi turnirlərdə sınaqdan keçirilməsi və tətbiq olunması mümkündür.



No Comment! Be the first one.