Frenki de Yonq: "Sabah"la oyunda Lamin Yamalın yoxluğu hiss ediləcək
“Bütün oyunlara yaxşı başlamaq çox vacibdir. Hesab edirəm ki, rəqib müdafiədən başlamağı, oynamağı seçir. Biz isə həmişəki kimi, yaxşı oynamalıyıq ki, qələbə qazanaq”.
Sportify.az xəbər verir ki, bunu İspaniya “Barselona”sının futbolçusu Frenki De Yonq Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
Niderlandlı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:
– Dünya çempionatında zədələndikdən sonra kapitanlıq əlindən alındı. Bunu necə qarşıladınız?
– Mən bu barədə çox danışmışam. Bu mövzuya bir daha girmək istəməzdim. Amma mənim baş məşqçi Hansi Fliklə münasibətlərim çox yaxşıdır. Hazırda özümü çox yaxşı hiss edirəm, çox güclüyəm və çalışıram ki, fikrimi hazırda baş verənlərə cəmləşdirim.
– Çox fərqli mövqelərdə oynayırsan. Bu barədə nə düşünürsən?
– Zədədən sonra özümü yaxşı hiss edirəm, bərpa olunmuşam. Özümə inanıram. Baxacağıq görək nə baş verir və necə bitəcək. Bəzən belə oyunlar bizim üçün məşq kimi ola bilər. Çalışacağam ki, daim ilk “11-lik”də olum.
– Son iki oyunda mərkəz müdafiəçisi mövqeyində çıxış etmisən. Bu keçid necə baş verdi? Baş məşqçi Hans-Diter Flik sənə nə vaxt bu barədə məlumat verdi?
– Mən özümü yarımmüdafiəçi hesab edirəm. Hamı bilir ki, mən yarımmüdafiəçiyəm və özümü ən yaxşı bu mövqedə hiss edirəm. Həmişə də burada oynamışam. Amma əvvəl də dediyim kimi, əgər komandanın mənə başqa mövqedə ehtiyacı varsa və ya baş məşqçi başqa mövqedə oynamağımın komanda üçün daha yaxşı olduğunu düşünürsə, bunu hər zaman etməyə hazıram.
Mövsüm ərzində ilk dəfə həmin mövqedə oynamazdan əvvəl də bəzi məşqlərdə məni mərkəz müdafiəçisi kimi sınamışdı. Görmək istəyirdi ki, necə alınacaq. Daha sonra “Alaves”lə oyunda ilk dəfə bu mövqedə çıxış etdim. Düşünürəm ki, həmin gün baş məşqçi mərkəz müdafiəçisinə ehtiyac olmadığını fikirləşirdi. Hər şey də məhz oradan başladı.
– Lamin Yamalın yoxluğu sabahkı oyunda sizə necə təsir edəcək?
– Hesab edirəm ki, yoxluğu hiss olunacaq. Çünki Yamal çox ekstraordinal və xeyli istedadlı oyunçudur. Təkbaşına rəqib qapısı qarşısında çox böyük təhlükələr yarada bilir. Normalda digər oyunçular bunu edə bilmirlər. Ona görə də hesab edirəm ki, yoxluğu nəzərə çarpacaq. Amma bizim “11-liy”imizdə o qədər futbolçular var ki, onu əvəzləməyə və sabah qalib gəlməyə qadirdirlər.
– Çempionlar Liqasını qazanmaq “Barselona”nın əsas məqsədlərindən biridir. Səncə, bu mövsüm kuboku qazanmaq üçün ən real şansınız var?
– Düşünürəm ki, son illərdə Çempionlar Liqasında yaxşı mübarizə aparırıq. Hər mövsüm bu turniri qazanmalı olduğumuzu və əsas məqsədimizin məhz bu olduğunu hiss edirəm. “Barselona” kimi klubda çıxış etməyin tələbi də budur. Bu il də fərqli deyil.
Doğrudur, artıq bir komanda kimi daha təcrübəliyik, uzun müddətdir birlikdə oynayırıq. Məqsədimiz kuboku qazanmaqdır. Amma bu o demək deyil ki, qalib gəlməsək, mövsüm uğursuz və ya pis keçmiş sayılacaq. Çünki məncə, bizimlə yanaşı, bu məqsədi qarşısına qoyan ən azı altı komanda da var.
Bununla belə, özümüzə inanırıq. Bu turnirdə sona qədər mübarizə aparmağa və kuboku qazanmağa qadir olduğumuzu bilirik. Hazırda isə düşünürəm ki, PSJ favoritdir. Çünki son iki Çempionlar Liqasını qazanıblar və bu mövsüm bizi də məğlub ediblər. Buna görə də bizim üçün əsas məsələ inkişaf etmək və mövsümün sonunda onlardan daha yaxşı olduğumuzu sübut etməkdir.
– Bir həftə ərzində “Vilyarreal”, “Sabah” və “Deportivo” ilə qarşılaşacaqsınız. Bu qədər sıx oyun qrafiki nə dərəcədə çətindir? Həmçinin “Vilyarreal”la matçda mərkəz müdafiəçisi mövqeyində çıxış etməyin barədə nə deyə bilərsən?
– Bu qədər çox oyun keçirməyə artıq öyrəşmişik. Son illərdə bu, bizim üçün adi hala çevrilib. Adətən həftə ərzində iki və ya üç matçımız olur. Buna görə də belə qrafikə alışmışıq.
Əlbəttə, bu, çətindir. Amma yaxşı hazırlaşmışıq, məşqlərimizi yüksək səviyyədə keçmişik. Çempionlar Liqası kimi oyunları səbirsizliklə gözləyirik. Sabahkı qarşılaşma xüsusi əhəmiyyət daşıyır və meydana çıxmaq üçün həyəcanlıyıq.
Bəzən müəyyən yorğunluq hiss edə bilərsən. Amma hazırda enerjimiz yüksəkdir və oyuna hazırıq. Çünki yaxşı məşq etmişik və mövsüm ərzində bu qədər çox qarşılaşma keçirməyə öyrəşmişik.
– Uzun müddət zədə səbəbindən futboldan uzaq qaldın. Bu müddətdə bir çox azarkeş səndən narazı idi. Onların münasibətinə necə yanaşırsan? Hazırkı yüksək formana qayıtmağı necə bacardın?
– Düşünürəm ki, bunu dəfələrlə demişəm. İnsanlar mənim çıxışımdan narazı olanda, komandadakı mövqeyimi və ya keyfiyyətimi müzakirə edəndə bu, adətən yay fasiləsinə, transfer pəncərəsinə və ya zədəli olduğum dövrə təsadüf edir. Yəni mənim oynamadığım vaxtlarda belə müzakirələr başlayır.
Zədədən sonra mümkün qədər güclü və yaxşı formada qayıtmaq mənim üçün çox çətin idi. Bu prosesdə klub daxilindəki insanların və gündəlik həyatımda mənə dəstək olan şəxslərin köməyi böyük oldu.
Hazırda özümü yaxşı hiss edirəm. Sadəcə, futboldan zövq almağa və əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.



No Comment! Be the first one.