İdman federasiyalarının qarşısına yeni tələblər qoyuldu
Azərbaycanda dövlət büdcəsi hesabına keçirilən idman tədbirlərinin maliyyələşdirilməsi və xərclənən vəsaitlərə nəzarət mexanizmi yenilənib.
Sportify.az xəbər verir ki, Nazirlər Kabinetinin 25 noyabr 2026-cı il tarixli 393 nömrəli qərarı ilə respublika və beynəlxalq miqyaslı idman tədbirlərinin maliyyələşdirilməsi qaydaları və xərc normaları təsdiqlənib.
Yeni qaydalara əsasən, idman federasiyaları və digər aidiyyəti təşkilatlar gələn il keçirilməsi planlaşdırılan yarışlar barədə ilkin məlumatları Gənclər və İdman Nazirliyinə təqdim etməlidirlər. Nazirlik isə növbəti il üçün tələb olunan vəsaitin ümumi hesablamalarını cari ilin iyulun 1-dək Maliyyə Nazirliyinə göndərməlidir.
Bundan başqa, idman tədbirlərinin keçirilməsinə ən azı 30 gün qalmış təşkilatlar Nazirliyə yarışın əsasnaməsini, iştirakçıların sayını, tədbirin yerini və müddətini, eləcə də xərclər smetasını təqdim etməlidirlər.
Sənəddə maliyyə intizamına da xüsusi diqqət ayrılıb. Tədbir başa çatdıqdan sonra 7 iş günü ərzində maliyyə hesabatları Nazirliyin mühasibatlığına təqdim olunmalıdır. Ayrılmış vəsaitlərin təyinatı üzrə düzgün xərclənməməsinə görə tədbirin təşkilinə məsul olan qurumlar qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.



No Comment! Be the first one.