İnfantino UEFA-ya qarşı əks-hücuma keçdi
FIFA UEFA-nı qurumun prezidenti Canni İnfantinoya qarşı “təqib” həyata keçirməkdə və qarşıdan gələn prezident seçkisinə təsir göstərmək üçün onunla bağlı “yanlış məlumatlar yaymaq”da ittiham edib.
Sportify.az xəbər verir ki, FIFA-nın bu mövqeyi Mayamidə məhkəməyə təqdim olunan və “Sky News”un əldə etdiyi hüquqi sənəddə əksini tapıb.
FIFA həmin sənədlə UEFA-nın Dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara satılması ilə bağlı ləğv edilmiş layihə üzrə bütün sübutları tələb etməsinin qarşısını almağa çalışır.
FIFA-nın hüquqşünasları UEFA-nın müraciətinin “pis niyyətlə və təqib məqsədilə” edildiyini bildiriblər.
UEFA daha əvvəl “FIFA Forward Enterprise” (FFE) adlı layihə ilə bağlı sənəd və ifadələrin əldə olunmasını istəyib. Avropa futbol qurumu bu materiallardan İsveçrədə İnfantinoya qarşı mümkün cinayət işi çərçivəsində istifadə edə biləcəyini açıqlayıb. UEFA layihənin hazırlanması zamanı maliyyə və idarəetmə pozuntuları baş verdiyini iddia edir.
FIFA isə bu iddiaları rədd edir. Qurumun hüquqşünasları UEFA-nın İnfantinonun FFE layihəsindən şəxsi maliyyə mənfəəti əldə etməyə çalışdığı barədə fikirlərinin “heç bir əsası olmadığını” bildiriblər.
Mübahisə FIFA prezidentliyinə növbəti seçki ərəfəsində daha da kəskinləşib. Seçkinin 2027-ci ilin martında keçirilməsi gözlənilir. UEFA hazırda İnfantinoya dəstəyini geri çəkib, lakin noyabrın 18-də başa çatacaq namizədlik müddəti öncəsi alternativ namizəd irəli sürməyib.
FIFA məhkəməyə təqdim etdiyi sənəddə UEFA-nın seçkidən az əvvəl bu və digər müraciətləri etməklə İnfantino barədə “yanlış məlumat yaydığını” və bunun FIFA prezident seçkisinə təsir göstərmək məqsədi daşıdığını iddia edib.
Tərəflər arasındakı mübahisənin mərkəzində FIFA-nın artıq dayandırdığı “FIFA Forward Enterprise” layihəsi durur. UEFA bu layihə üzrə sənədləri əldə etməyə çalışır, FIFA isə UEFA-nın hüquqi addımlarını əsassız hesab edir. Bu iddialar üzrə təqdim olunan mövqelər hələ məhkəmənin yekun qərarı deyil.
Qeyd edək ki, Canni İnfantino hazırda Bakıdadır.



No Comment! Be the first one.