“Kəpəz”də yenə köhnə ssenari: "Əllər külüngə"! - VİDEO
“Kəpəz” mövsümə heç də pis başlamayıb. Komanda 4 turdan sonra 2 qələbə və 2 məğlubiyyətlə 6 xal toplayıb. Özü də bu nəticəyə məhz Gəncədən olan baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında nail olub.
Amma görünən odur ki, “Kəpəz”in hər məğlubiyyətini fürsət kimi gözləyənlər yenə səhnəyə çıxmağa başlayıblar.
Ötən tur doğma meydanda “Şamaxı”ya 1:4 hesablı məğlubiyyətdən sonra alıblar külüngü əllərinə. Sanki “Kəpəz” mövsümün ilk dörd turunda heç bir qələbə qazanmayıb, bütün oyunlarını uduzub və komanda artıq böhran içindədir.
Bir məğlubiyyətin bu qədər tez “baş məşqçi dəyişməlidir” çağırışlarına çevrilməsi Gəncə futbolunda yeni məsələ deyil. Əksinə, son illərin ən böyük problemlərindən biri məhz bu yanaşma olub.
“Kəpəz”in son illərdə zəif çıxışının iki əsas səbəbi var idi.
Birincisi, komandanın doğma arenası Gəncə Stadionunun təmirə bağlanması.
İkincisi isə komanda ətrafında yaradılan qeyri-sağlam ab-hava.
İndi birinci problem artıq həllini tapıb. Gəncə Stadionu istifadəyə verilib və “Kəpəz” ev oyunlarını müasir doğma arenasında keçirir. Komandanın öz şəhərində, öz azarkeşlərinin qarşısında, futbol üçün lazımi imkanlara malik stadionda oynamaq imkanı var.
İndi növbə ikinci problemi həll etməkdədir.
Çünki “Kəpəz”də baş məşqçiyə işləməyə imkan verilməməsi artıq xroniki hal alıb. Bir baş məşqçi gəlir, komanda bir neçə oyun uduzur, dərhal onun ətrafında narazılıq yaradılır. Sosial şəbəkələrdə müxtəlif fikirlər tirajlanır, bəzi azarkeşlərin emosiyalarından istifadə olunur və nəticədə baş məşqçi daim təzyiq altında qalır.
Belə şəraitdə isə uzunmüddətli komanda qurmaq mümkün deyil.
Azər Məmmədovun son açıqlamasının əsas mesajı da məhz budur. O, özünü digər baş məşqçilərdən üstün tutmur. Əksinə, “istər mən olum, istərsə də başqası” deyərək məsələnin konkret şəxsə bağlı olmadığını vurğulayır.
Bu, çox vacib fikirdir.
Çünki məsələ Azər Məmmədovun qalması və ya getməsi deyil. Məsələ “Kəpəz”də kim olursa-olsun, həmin baş məşqçiyə işləmək üçün normal vaxt və şəraitin verilməsidir.
Hər məğlubiyyətdən sonra baş məşqçinin istefası tələb olunacaqsa, onda Gəncə futbolunda heç bir layihə sona qədər gedə bilməyəcək.
Üstəlik, söhbət hazırda mövsümə 2 qələbə ilə başlayan komandadan gedir. Bəli, “Şamaxı”ya 1:4 hesablı məğlubiyyət ağırdır. Xüsusən də doğma meydanda. Bu nəticəni tənqid etmək olar və etmək də lazımdır. Amma bir oyunun nəticəsindən çıxış edərək bütün görülən işləri, mövsümün əvvəlindəki iki qələbəni və qarşıdakı perspektivi heçə saymaq düzgün deyil.
Əsl azarkeş komandasının uduzmasını istəməz. Amma əsl azarkeşin də əsas məqsədi bir baş məşqçinin getməsi yox, “Kəpəz”in qazanmasıdır.
Burada bir fərqi də qoymaq lazımdır: tənqid başqa şeydir, komanda ətrafında daim gərginlik yaratmaq tamam başqa.
Bəzi “azarkeşlər”in hər məğlubiyyətdən sonra meydana çıxması, fürsət gözləməsi və komandanın daxilində onsuz da mövcud olan problemləri daha da böyütməsi “Kəpəz”ə xidmət etmir.
Əksinə, bu, illərdir Gəncə futbolunun qarşısında dayanan görünməz maneələrdən biridir.
“Kəpəz”in hegemon və qabaqcıl komanda olmasını istəyiriksə, bunun üçün ilk növbədə sabitlik lazımdır. Baş məşqçiyə vaxt verilməlidir. Komandanın qurulmasına imkan yaradılmalıdır. Səhvlər üzərində işləmək üçün şərait olmalıdır.
Hər şeydən əvvəl isə komandanın ətrafında sağlam mühit formalaşdırılmalıdır.
Çünki stadion artıq var.
İndi “Kəpəz”in qarşısında müasir arena dayanır. Gəncə azarkeşinin doğma komandası üçün yenidən layiqli futbol mühiti yaranıb.
Artıq əsas məsələ həmin stadionun içində qurulan komandaya stadionun kənarında mane olmamaqdır.
Azər Məmmədovun dediyi kimi, istər o olsun, istərsə də başqası…
Əsas odur ki, “Kəpəz”də kim işləyirsə, ona işləməyə imkan verilsin.
Gəncə Nizami yurdudur. Amma bu şəhərdə bu gün əllərə alınan külüng Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan “Xosrov və Şirin” poemasındakı Fərhadın külüngü deyil. Bu külüng, təəssüf ki, hər məğlubiyyətdən sonra “Kəpəz”in baş məşqçisinin üstünə qaldırılır.
Bəlkə artıq külünglə ayaq altını qazmaq yox, “Kəpəz”ə uğurlu yol açmağın vaxtıdır?!



No Comment! Be the first one.