Kadi və "Şəfa"nın legioneri arasında "razborka" - VİDEO
Misli Premyer Liqasında VI turun “Qarabağ” – “Şəfa” matçında insident baş verib.
Sportify.az xəbər verir ki, 90+2-ci dəqiqədə top uğrunda mübarizə zamanı meydan sahiblərinin yarımmüdafiəçisi Kadi Borges və qonaq komandanın müdafiəçisi Andrey Draqu bir-birinə qarşı sərt oynayıb.
Baş hakim Vüqar Həsənli Kadinin kobud oynadığını bildirərək, “Qarabağ” əleyhinə sərbəst zərbə təyin edib.
Braziliyalı oyunçu qərarla razılaşmadıqda rumıniyalı legioner ona irad bildirib. Tərəflər arasındakı söz savaşı oyunun final fitindən sonra da davam edib.
Draqu yenə yaxınlaşaraq, az öncə baş vermiş epizoddan narazılığını bildirdikdə Kadi paltardəyişmə otağını göstərərək, onunla çöldə haqq-hesab çəkəcəyinə işarə vurub.
Lakin futbolçular paltardəyişmə otağından çölə sakitcə çıxıblar. Kadi həyat yoldaşının onu gözlədiyini bildirərək, açıqlamanı növbəti oyundan sonraya saxlayıb. Draqu isə ümumiyyətlə açıqlama vermək istəməyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 1:0.
Bahar RÜSTƏM



No Comment! Be the first one.