Kaxaber Tsxadadze: Qol vura bilməməyimiz bizə təsir edir
“İlk 15 dəqiqəni yaxşı başlamışdıq. Lakin yenə qol vəziyyətləri yaratsaq da, sonluq yox idi”.
Sportify.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze evdə “Şamaxı” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis qol imkanlarından yararlana bilməmələrindən şikayətlənib: “İsmael Akinadenin yaxın məsafədən zərbəsi var idi, amma yararlana bilmədi. Oyunumuz elə qurulub ki, iki insayderimizdən – Meşak Uboçioma və Bruno Silvadan çox şey asılıdır. Lakin bu gün Bruno özünü göstərə bilmədi. Sonda biz 4-4-2-yə keçdik. Qol vəziyyətlərimiz yenə olsa da, yararlanmağı bacarmadıq. Matçın əvvəllərində “Şamaxı”nın müəyyən müddətlik üstünlüyünü çıxsaq, demək olar ki, qalan müddətdə böyük üstünlüyə malik olduq. Amma qol vura bilmirik, sonluq yoxdur”.
Tsxadadzenin sözlərinə görə, yeni futbolçular komandanın oyun üslubunu hələ başa düşməyiblər: “Xüsusən də hücumçuların arxasındakı futbolçuları nəzərdə tuturam. Necə ki, ötən mövsüm Domi Massumo, Prins Ovusu və Adriel Ba Lua o oyunu yaradırdı. Bruno oyunu öz üzərinə götürməli idi. Lakin bu gün oyunu alınmadı. Fikrimcə, onun ən böyük problemi tempi tuta bilməməsidir. Bəlkə də gələndə gözləmirdi ki, Azərbaycan çempionatının səviyyəsi qalxıb, templi oyunlar gedir. Burada sən tez qərar verməlisən. Amma biz ona böyük ümidlər bəsləyirik. O, yüksək səviyyəli futbolçudur. Ötən həftə başa düşdük ki, iki hücumçu ilə kombinasiyalı oyun alınmır. Bu gün isə yarımmüdafiənin mərkəzində iki futbolçumuz var idi və onlar hücumu ötürmə ilə təmin etmə baxımından yaxşı təsir bağışladılar. Karim Rossi oyuna yaxşı girdi, qol da vura bilərdi. İki hücumçumuz var, növbəti oyunlarda onlardan istifadə edə bilərik. Rossiyə çox ümid edirik. Şəxsən mən ümidliyəm. Düzdür, keçən mövsüm “Şamaxı”da özünü yaxşı tərəfdən göstərmişdi. Amma “Qəbələ”yə çox gec və pis vəziyyətdə gəldi. Eyni sözləri, çempionatın sonlarına 3-4 gün qalmış gələn Bruno barədə də deyə bilərəm. Problem odur ki, hələ o tempə düşməyiblər”.
Təcrübəli mütəxəssis hələ də qol vura bilməmələrinin onlara təsir etdiyini diqqətə çatdırıb: “Qol vura bilməməyimiz bizə təsir edir. Əlbəttə, azarkeşlər tərəfindən üzərimizdə təzyiq olacaq. Bu, normal haldır və bizə də, futbolçulara da təsir göstərir. Bugünkü oyunun sonluğu istədiyimizə yaxın idi”.



No Comment! Be the first one.