Azər Bağırov: Səfər oyunları futbolçularımızı bərkidəcək
“Düşündüyümüz kimi, rəqib bəlkə də ilk 3 tur ərzində ən yaxşı oyununu keçirdi. Bizə çətin olacağını bilirdik. Amma öhdəsindən gəldik”.
Sportify.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Azər Bağırov səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssisin sözlərinə görə, səfərdə 1 xal qazanmaları müsbət haldır: “Futbolçularımızı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Önümüzdəki matçlara baxacağıq”.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün iki xal itirdiyinizi düşünürsüz?
– Sözlərinizdə həqiqət var. Hücum xəttində daha səliqəli oynamağımız çatmadı, rəqibi bir neçə dəfə azlıqda da tutmuşduq. Hücum xəttində daha səliqəli və dəqiq işləmək yönündə çox çalışacağıq. Futbolçularımdan razıyam. Çempionat yeni başlayıb. Turnir cədvəlində yaxın olan rəqiblərlə oyun daha çox enerji aparır. Çünki itirmək qorxusu olur. Amma daha yuxarılarda qərarlaşan komandalara qarşı psixoloji cəhətdən hazır olursan, rahat oynayırsan. Ona görə də futbolçularımı başa düşürəm.
– “Şamaxı” hələ bir neçə oyun da səfər görüşləri keçirəcək. Komanda belə formada bərkiyəcək, bu durumda necə təsir bağışlayacaq?
– Yaxşı olardı ki, öz azarkeşlərimizin qarşısında oynayaq. Amma futbolçularım bu vəziyyətdən sonra bərkiyəcəklər. Çünki “Qarabağ”, “Turan Tovuz”, “Qəbələ” səfərində meydana çıxdıq. Oyundan-oyuna nələrisə qazana bilirik. Bu da müsbət haldır. Səhvlərimiz də var. Çalışacağıq ki, onların üzərində işləyək. Qarşıda yenə səfər oyunumuz var. Nikbin qalırıq. Bizim stadionun işıqlandırma məsələsi də həll olunacaq və azarkeşlərimizi öz oyunlarımızla sevindirəcəyik.



No Comment! Be the first one.