“Krasnodar” Rusiya Futbol İttifaqına qarşı çıxdı
Rusiya Futbol İttifaqına (RFİ) “Krasnodar” futbol klubundan ölkə Kubokunun final oyunlarının keçirildiyi məkanın yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciət daxil olub.
Sportify.az xəbər verir ki, “RB Sport”un yaydığı məlumata görə, Krasnodar təmsilçisi son 5 ildə turnirin finalının yalnız Moskvanın “Lujniki” stadionunda keçirilməsindən narazıdır. Bu məsələyə komandanın baş məşqçisi Murad Musayev də diqqət çəkib.
Rusiya Kubokunun reqlamentinə əsasən, final matçının keçiriləcəyi məkan RFİ-nin İcraiyyə Komitəsinin və ya onun bürosunun ayrıca qərarı ilə müəyyənləşdirilir. Sənəddə finalın konkret şəhər və ya stadionda keçirilməsi ilə bağlı coğrafi məhdudiyyət nəzərdə tutulmayıb.
Məsələ sentyabrın 30-da RFİ-nin İcraiyyə Komitəsinin iclasında müzakirə olunub. İclasın yekununda RFİ-nin baş katibi Maksim Mitrofanov ölkə Kubokunun final matçının keçirilmə yerinin müəyyənləşdirilməsi mexanizminin hazırlanması ilə bağlı arqumentləri təqdim edib.
Məlumata əsasən, “Krasnodar”ın təklifinin dəstəklənməsi ehtimalı yüksək qiymətləndirilmir. Bildirilir ki, “Lujniki”də keçirilən finallar RFİ-yə daha böyük tamaşaçı auditoriyası toplamağa, sovet dövründən gələn turnir finalı ənənəsini qorumağa və maliyyə gəlirlərini təmin etməyə imkan verir.



No Comment! Be the first one.