"Kəpəz" azarkeşi bölməyə aparıldı - BƏYANAT
Misli Premyer Liqasında V turun sentyabrın 12-də Gəncə Stadionunda keçirilmiş “Kəpəz” – “Qəbələ” oyununun gedişində qadağan olunmuş pirotexniki vasitələrdən istifadə edən azarkeş inzibati məsuliyyətə cəlb olunub.
Gəncə klubundan Sportify.az-a verilən məlumata görə, qarşılaşmanın 64-cü dəqiqəsində stadionun V3 tribunasında məşəl yandıran tamaşaçı polis əməkdaşları tərəfindən saxlanılanaraq, bölməyə aparılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun pul cəriməsi kəsilib, belə halın bir daha yaşanacağı halda 15 günədək inzibati həbs cəzasının tətbiq olunacağı bildirilib.
Klub bəyanat yayaraq bildirib ki, etik normaları nəzərə alaraq, ölkə qanunvericiliyini, həmçinin Peşəkar Futbol Liqasının stadionlarda tətbiq etdiyi davranış qaydalarını kobud şəkildə pozan həmin şəxsin ad və soyadını, foto və videogörüntülərini yayımlamırlar: “Bununla belə, bütün futbol həvəskarlarına xatırladırıq ki, Azərbaycan qanunvericiliyinə görə, pirotexniki vasitələrin satışı, əldə olunması və istifadəsi qadağandır. Pirotexniki vasitələr düzgün istifadə olunmadıqda insanın əlində partlaya və müxtəlif xəsarətlər törədə bilər. Bundan başqa kütləvi tədbirlərdə bu cür vasitələrin istifadəsi digər şəxslərin həyat və sağlamlığını təhlükəyə atmış olur”.
“Kəpəz” Gəncə Stadionunda azarkeşlərin oyunları rahat izləməsi, xoş istirahət etməsi üçün qarşıdakı turlarda da bütün səylərini əsirgəməyəcək. Stadionun ərazisində, o cümlədən tribunalarda qaydalara zidd hallar qeydə alınarsa, ictimai asayişi pozan şəxs və ya şəxslər barədə dərhal lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə AFFA-nın İntizam Komitəsi “Kəpəz” klubunu son iki həftədə iki dəfə cərimələyib. “Sarı-göylər” “Turan Tovuz”la oyundan sonra 3 000 manat, “Qəbələ” ilə matçdan sonra isə 5 000 manat ziyana düşüb.



No Comment! Be the first one.