Məşhur futbolçunun atası klubun baş direktoru təyin olundu
Braziliya klubu “Santos” klubun kapitanı Neymarın atasını baş direktor vəzifəsinə təyin edib.
Sportify.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Neymarın atası yeni vəzifəsində ən azı 2026-cı ilin sonunadək çalışacaq. Onun klubda gələcək fəaliyyəti dekabrın 12-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq. “Globo” nəşrinin məlumatına görə, hazırkı prezident Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsində qalacaq.
Bundan əlavə, ata Neymar klubun gənc istedadların axtarışı layihəsinə rəhbərlik edəcək. Onun vəzifələrinə futbol istiqamətinin inkişafı, marketinq və yeni kommersiya layihələri ilə bağlı rəhbərliklə əməkdaşlıq da daxildir.
Qeyd edək ki, Braziliya çempionatının başa çatmasına dörd tur qalmış “Santos” 9-cu pillədə qərarlaşıb. Neymar cari mövsümdə komandanın heyətində 15 oyuna çıxıb və 8 qol vurub.



No Comment! Be the first one.