"Maritsa"nın baş məşqçisi: "Turan"a 0:3 hesablı ev məğlubiyyətimiz təəccüblü oldu - MÜSAHİBƏ
Bolqarıstanın qadın voleybolçulardan ibarət “Maritsa” komandasının baş məşqçisi Kristiyan İliyev noyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində “Turan”a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl Sportify.az-a eksklüziv müsahibə verib:
– Cavab görüşündən nə gözləyirsiniz?
– Düşünürəm ki, bizi çox yaxşı oyun gözləyir. Rəqib güclü komandadır. Amma biz də əlimizdən gələni edəcəyik.
– İlk oyunda “Turan”ın 3:0 hesablı qələbə qazanması artıq hər şeyin həll olunduğu anlamına gəlirmi?
– Açığı, ilk oyunun rəqibin xeyrinə belə hesabla başa çatması bir qədər təəccüblü oldu. Çünki hər setdə rəqibə çox yaxın idik. Hətta qalib gələ biləcəyimiz məqamlar da var idi. Bəli, 0:3 hesabı ilə uduzduq, amma setlər iki dəfə 22:25 və sonuncusu 20:25 oldu. Düşünürəm ki, bir az bəxtimiz gətirsəydi, ilk oyunda qalib gələ bilərdik. Sabahkı matçda şanslarımızdan yararlanmağa çalışacağıq.
– “Turan” əvvəlki mərhələdə “Mladost”u çətinliklə – 3:2 hesablı məğlubiyyətə uğratdı. “Maritsa” ilə səfər oyununun hesabı isə 3:0 oldu. Bu, komandanızın “Mladost”la müqayisədə zəif olması demək deyilmi?
– “Maritsa”nın “Mladost”la müqayisədə bir qədər zəif olduğunu düşünmürəm. Düzdür, bu mövsüm bir-birimizlə oynamadığımız üçün hansı komandanın daha güclü olduğunu dəqiq deyə bilmərəm. Ancaq ümumi səviyyə baxımından bir-birimizə yaxınıq. Məncə, komandamız “Mladost”la eyni səviyyədədir. Təxminən iki il əvvəl “Mladost”la Zaqrebdə iki dəfə qarşılaşmış və hər iki oyunda qalib gəlmişdik. Hazırda onların heyətinin necə olduğunu bilmirəm.
– Cavab oyununda qələbə şansınızı necə qiymətləndirirsiniz?
– Həmişə 50-nin 50-yə olduğunu deyirik (gülür – red.) Əlbəttə, hər oyunda şanslar bərabərdir. Baxmayaraq ki, bura 0:3 hesablı məğlubiyyətlə gəlmişik.
– Bolqarıstan millisi kifayət qədər güclü komandadır və mütəmadi olaraq Avropa çempionatlarında iştirak edir. Sizin klubunuzda da milli üzvləri var?
– Əvvəllər hamısı elə Bolqarıstan klublarında oynayırdılar. Hazırda isə Polşa, Türkiyə və Rusiyada legioner həyatı yaşayırlar.
– “Maritsa”da yığma üzvləri varmı?
– Bizim komandadakı voleybolçuların əksəriyyəti bolqarıstanlılardır. Lakin onların cəmi biri yığmaya dəvət alır. Bolqarıstan millisinin heyəti daha çox xaricdə çıxış edən voleybolçulardan qurulub.
– Klubunuzun üzvlərindən Bolqarıstan millisində çıxış edən voleybolçu kimdir?
– Komandanın kapitanı və liberosu Jana Todorova.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.