İker Kasilyas oğullarını “Real Madrid” akademiyasından çıxardı
İspaniya klubu “Real Madrid”in sabiq qapıçısı və kapitanı İker Kasilyas iki oğlunu klubun akademiyasından çıxarmaq qərarına gəlib.
Sportify.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, qərarın səbəbi Kasilyasın 12 yaşlı oğlu Martinin oyun vaxtının azalmasıdır. Belə ki, onun böyük oğlu yaş qrupunun komandasında əsas heyətə düşə bilməyib. Bundan başqa, Martin ABŞ-nin Orlando şəhərində keçiriləcək turnirin iştirak ərizəsinə də daxil edilməyib.
Martinlə yanaşı, onun 10 yaşlı qardaşı Lukas da “Real Madrid” akademiyasını tərk edib. Hər iki uşaq qapıçı mövqeyində çıxış edir və klubun sistemində iki mövsüm keçirib.
Qeyd olunur ki, Kasilyasın bu qərarı yalnız idman səbəbləri ilə bağlıdır. “Real Madrid” rəhbərliyi sabiq qapıçının oğullarının akademiyadan ayrılacağından xəbərdardır.
İker Kasilyas 1999-2015-ci illərdə “Real Madrid”in formasını geyinib. İspaniyalı qapıçı klubla beş dəfə ölkə çempionu olub, üç dəfə UEFA Çempionlar Liqasını, iki dəfə isə UEFA Superkubokunu qazanıb.



No Comment! Be the first one.