UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələdi
UEFA Fransa Futbol Federasiyasını (FFF) Millətlər Liqasının Belçikaya qarşı oyununda (1:0) start fitinin gecikməsinə görə 10 min avro cərimələyib.
Sportify.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Hadisə sentyabrın 28-də Brüsseldə baş verib. Fransa millisinin futbolçularının geyimindəki problem səbəbindən qarşılaşmanın başlanması bir neçə dəqiqə gecikib. Belə ki, oyunçuların corablarındakı lentin rəngi qaydalara uyğun olmayıb və meydana çıxmazdan əvvəl dəyişdirilməsi tələb olunub.
UEFA bu halı Millətlər Liqasının reqlamentinin 6.07-ci maddəsinin pozulması kimi qiymətləndirib. Həmin maddəyə əsasən, milli federasiyalar futbolçuların geyim forması barədə məlumatları əvvəlcədən UEFA TIME platforması vasitəsilə təqdim etməlidirlər. Qaydalara görə, oyun corablarının üzərindəki lent və sarğılar şəffaf olmalı və ya corablarla eyni rəngdə olmalıdır.
Dörd turdan sonra Fransa 10 xalla A qrupuna liderlik edir. Belçika isə 6 xalla üçüncü pillədə qərarlaşıb.
Komandalar növbəti oyunlarını noyabrın 12-də keçirəcəklər. Fransa səfərdə İtaliya ilə, Belçika isə Türkiyə ilə qarşılaşacaq.



No Comment! Be the first one.