Namik Ələskərov: “Qarabağ” və “Neftçi” ilə oyunlara məğlub olmaq üçün çıxmayacağıq
“Kəpəz”in futbolçusu Namik Ələskərovun “İmişli”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqası X tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Qarşılaşma ilə bağlı fikirlərin necədir?
– Doğrudan da, bizim üçün çox çətin oyun keçdi. Yaxşı hazırlaşmışdıq. Qələbə seriyamız var idi və onu davam etdirmək istəyirdik. Oyunumuz da yaxşı alındı. Məşqçinin tapşırıqlarını meydanda yerinə yetirə bildik. Şükürlər olsun ki, sonda qələbə qazandıq.
– Möhtəşəm bir qola imza atdın. Həmin zərbəni vurmazdan əvvəl qol vuracağına inanırdın?
– Topa yaxınlaşanda fikrimdə birbaşa qapıya zərbə vurmaq var idi. Əlbəttə, bunun alınacağına da ümid edirdim. Bəzən alınır, bəzən alınmır. Bu dəfə alındı və zərbə uğurlu oldu. Belə bir qol vurduğum üçün sevinirəm.
– Karyeranda müəyyən durğunluq dövrü yaşanmışdı. İndi isə demək olar ki, Kəpəzdə ikinci baharını yaşayırsan. Komandada hər şey qaydasındadır?
– Uzun müddət oynamırdım və oyun tempinə düşməkdə çətinlik çəkirdim. Sağ olsun, buradakı məşqçimiz mənə güvənir və şans verir. Mən də çalışıram ki, komandama kömək edim. Bundan sonra da məşqçi şans versə, həm özüm yaxşı formaya düşməyə, həm də komandama bacardığım qədər fayda verməyə çalışacağam.
– Komandanın ən təcrübəli futbolçularından birisən. Səncə, bu “Kəpəz”in daha böyük potensialı var?
– Bəli, məncə, potensialımız var. Yaxşı komandamız formalaşıb və hazırkı vəziyyətdə də yaxşı çıxış edirik. Əsas məsələ bu nəticələri davam etdirməkdir. Düşünürəm ki, daha da yaxşılaşa bilərik. Amma ən azı indiki çıxışımızı qoruyub saxlamaq istəyirik.
– Qarşıda sizi iki çətin oyun gözləyir. Həm “Qarabağ”, həm də “Neftçi” ilə qarşılaşacaqsınız. Bu oyunlardan gözləntilərin nələrdir?
– Dediyiniz kimi, “Neftçi” və “Qarabağ”ın gücü hər kəsə bəllidir. Hər ikisi hazırda ən güclü komandalardandır. Amma biz bu oyunlara məğlub olmaq üçün çıxmayacağıq. Əlbəttə, həmin qarşılaşmalarda da əlimizdən gələni edəcəyik. Sonrasına isə baxacağıq.
– Keçmiş komandanla qarşılaşmaq sənin üçün xüsusi əhəmiyyət daşıyır?
– Xeyr, xüsusi bir əhəmiyyət daşımır. Hazırda mən “Kəpəz”dəyəm. Bütün oyunlara necə hazırlaşıram, bu qarşılaşmaya da elə hazırlaşıram. Əsas istəyim “Kəpəz”ə fayda verməkdir. Komanda olaraq yaxşı çıxış etmək bizim üçün ən vacib məsələdir.
Həşim MƏMMƏDOV



No Comment! Be the first one.