Nihad Süleymanlı Dakar-2026-da Azərbaycana ikinci medalı qazandırdı
Nihad Süleymanlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi yarışlarında gümüş medal qazanıb.
Sportify.az xəbər verir ki, 80 kq çəkidə mübarizə aparan idmançı finalda Marquette Diopa məğlub olub.
Nihad Süleymanlı yarışa inamlı başlayaraq A qrupunda əvvəlcə Əlcəzair təmsilçisi Kəbir Kraledə, daha sonra isə hindistanlı Depanşu Kokara qalib gəlib. Qrup mərhələsində sonuncu görüşündə mərakeşli Abdelcalil Benelyasseri də məğlub edən güləşçi yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə yunanıstanlı Konstantinos Mourtzilakislə qarşılaşan güləşçi bu görüşdən də qalib ayrılaraq finala yüksəlib.
Oyunlarda 55 kq çəki dərəcəsində mübarizə aparan Günel Kərimli qrup mərhələsində latviyalı Anastasiya Yakovlevanı, qvineyalı Mariama Fula Kabanı və mərakeşli Rana Lahssinini məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda görüşdə seneqallı Elizabet Diattaya uduzan idmançı bürünc medal uğrunda qarşılaşmada da məğlub olaraq Oyunları beşinci pillədə başa vurub.
Xatırladaq ki, Oyunların ilk günündə Azərbaycan cüdoçusu İbrahim Talıbov (-55 kq) komandamıza Dakar-2026-nın ilk qızıl medalını qazandırmışdı.



No Comment! Be the first one.