Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ümumdünya Şahmat Olimpiadasında qızıl medal qazanan kişi milli komandasının üzvlərini mükafatlandırıb.
Sportify.az xəbər verir ki, mükafatlandırma mərasimində dövlət başçısı şahmatçılara və məşqçilərə orden və medallar təqdim edib.
Özbəkistan Şahmat Federasiyasının prezidenti Abdulla Aripov da dövlət mükafatına layiq görülüb.
Bundan başqa, komanda üzvlərinə Prezidentin xüsusi hədiyyələri təqdim olunub. Qaliblərin hər birinə “Volkswagen” markalı avtomobil, kottec və 200 min ABŞ dolları verilib.
Komandanın baş məşqçisi Rustam Qasımcanov da avtomobillə mükafatlandırılıb. Məşqçilərə əlavə olaraq 50 min dollar pul mükafatı ayrılıb.
Özbəkistanın kişilərdən ibarət milli komandası Səmərqənddə keçirilən 46-cı Dünya Şahmat Olimpiadasında 20 komanda xalı toplayaraq çempion olub. Komanda 10 qələbə qazanıb, yalnız bir dəfə məğlub olub.
Yekun turda Ukraynanı 2,5:1,5 hesabı ilə məğlub edən Özbəkistan millisi Hindistan və Almaniyanı geridə qoyaraq turnirin qalibi adını əldə edib. Bununla da komanda ikinci dəfə Olimpiya çempionu olub.
Çempion heyətində birinci lövhədə çıxış edən Nodirbek Abdusattorov şəxsi qızıl medal qazanıb. Nodirbek Yakubboev üçüncü lövhədə gümüş, Javohir Sindarov isə ikinci lövhədə bürünc medal əldə edib. Mühiddin Madaminov və Şamsiddin Vohidov da komandanın qələbəsində mühüm rol oynayıblar.
Tarixində ilk dəfə üçüncü yeri tutmuş paraşahmat üzrə milli komandanın üzvləri də diqqətdən kənarda qalmayıb. Özbəkistanın paraşahmatçılarından Ahadxan Kimsanboyev, Marsel Şayusupov, Sirojiddin Zaydinov, Sardorbek Mamarajabov və Selbi Kakişovaya “Volkswagen Passat Pro” avtomobilləri və mənzillər təqdim olunub.
Paraşahmatçılara hərəyə 50 min, onların məşqçilərinə isə 12,5 min ABŞ dolları verilib. Baş məşqçi Samandar Şermuhamedov da avtomobillə təltif olunub.
Mirziyoyev görüşdə şahmatın inkişafı ilə bağlı yeni hədəfləri də açıqlayıb. Ölkənin müxtəlif regionlarında Daşkənd Beynəlxalq Şahmat Akademiyasının filiallarının yaradılması, yüksək kateqoriyalı məşqçilərin hazırlanması və FIDE reytinqində 1500-dən çox xalı olan şahmatçıların özəl klublarda təhsil xərclərinin yarısının dövlət tərəfindən qarşılanması nəzərdə tutulur.
Bundan başqa, “Uzbekistan Grand Chess” brendi altında beynəlxalq turnirlərin müntəzəm keçirilməsi planlaşdırılır. Prezident Yeni Daşkənddə 500 tamaşaçı yerlik oyun zalı, yaşayış korpusu və idman meydançalarının daxil olacağı müasir şahmat sarayının tikilməsini də təklif edib.
















No Comment! Be the first one.