"Zirə"dən ardıcıl ikinci, "Şəfa"dan ilk qələbə - YENİLƏNDİ
Misli Premyer Liqasında II turun növbəti oyunu “Zirə” və “İmişli” arasında keçirilib.
Sportify.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Hesabı 43-cü dəqiqədə “İmişli”nin qapıçısı Yusif İmanovun kobud səhvindən sonra uzaqdan zərbə ilə Eren Aydın açıb. Bu, türkiyəli hücumçunun ardıcıl ikinci oyunda ikinci qolu olub.
Növbəti qollar oyunun sonlarında vurulub. 80-ci dəqiqədə “Zirə”nin müdafiəçisi Ruan Renato ikinci topu vurub. Bundan 2 dəqiqə sonra Dioqo Almeyda fərqi artırsa da, 90+6-cı dəqiqədə Davit Volkov yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, “İmişli”ni ilki dəfə məğlub edən “Zirə” ardıcıl ikinci qələbə ilə xalını 6-ya çatdırıb və vahid liderə çevrilib. Əyalət komandasının isə hələlik 1 xalı var.
Qeyd edək ki, II turun qalan 2 oyunu 23 avqustda keçiriləcək. “Turan Tovuz” “Şamaxı”nı, “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək.
——————————
Misli Premyer Liqasında II turun ilk oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “Qəbələ” mövsümün debütantı “Şəfa”nı qəbul edib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə topu 69-cu dəqiqədə Musa Quel vurub.
Bununla da “Şəfa” Premyer Liqada ilk qələbəsini qazanıb. “Qəbələ” isə ardıcıl ikinci məğlubiyyətlə üzləşib.
——————————
Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.
Sportify.az xəbər verir ki, “Sabah” və “Qarabağ”ın avrokubok qarşılaşmaları ilə əlaqədar turun 6 matçından 4-ü baş tutacaq.
İlk oyun gününün ilk qarşılaşması “Qəbələ” və debütant “Şəfa” arasında keçiriləcək. Qəbələ şəhər stadionunda saat 18:30-da başlanacaq qarşılaşmanı baş hakim İnqilab Məmmədov idarə edəcək. Hər iki kollektiv ilk turda məğlubiyyətlə üzləşib. “Qəbələ” səfərdə “Turan Tovuz”a 0:1, “Şəfa” isə “Zirə”yə 0:2 hesabı ilə uduzub. Bu komandalar ilk dəfə görüşəcəklər.
Digər matç isə “Zirə” və “İmişli” arasında olacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 20:45-də başlanacaq. Görüşü baş hakim Əli Əliyev idarə edəcək.
Əslində bu oyunda meydan sahibi qismində “İmişli” çıxış etməli idi. Lakin əyalət komandasının bu mövsüm ev arenası kimi yararlanmaq istədiyi Yevlax şəhər stadionunda süni işıqlandırma olmadığından, meydan sahibi komandanın adı dəyişdirilib və görüş Zirə İdman Kompleksinin stadionuna salınıb.
“İmişli” ilk turda “Araz-Naxçıvan”la qolsuz heç-heçə edib – 0:0. Tərəflər arasında ötən mövsümün hər 3 qarşılaşmasında da qalib müəyyənləşməyib. Son iki matçda, o cümlədən “Zirə”nin ev oyununda qol vurulmayıb.
Misli Premyer Liqası, II tur
22 avqust (şənbə)
18:30. “Qəbələ” – “Şəfa” – 0:1
Qol: Musa Quel, 69
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
20:45. “Zirə” – “İmişli” – 3:1
Qollar: Eren Aydın, 43. Ruan Renato, 80. Davit Volkov, 90+6 – Dioqo Almeyda, 82
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, II turun qalan 2 oyunu 23 avqustda keçiriləcək. “Turan Tovuz” “Şamaxı”nı, “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək.



No Comment! Be the first one.