Qismət Alıyev: Azarkeşlərin "Zirə"yə qarşı aqressivliyini başa düşmürəm
“Bilirdik ki, bizi standart və aut vəziyyətlərindən yararlanmağı bacaran komandaya qarşı oyun gözləyir. Burada oynamaq hər zaman çətindir. Düşünürəm ki, ədalətli nəticə heç-heçə idi, amma sonda diqqətsizliyimizdən qapımızda qol gördük”.
Bu sözləri Sportify.az-a açıqlamasında “Zirə”nin futbolçusu Qismət Alıyev Misli Premyer Liqasının VI turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
29 yaşlı müdafiəçi qarşılaşmada azarkeşlərin aqressiv davranışlarının komandasına ciddi təsir etmədiyini bildirib: “Oyun baxımından deyə bilməzdim ki, nə isə təsir edirdi. Sadəcə azarkeşlərin, bizə qarşı bu qədər aqressiv olmalarını başa düşmürəm. Bunu zaman göstərəcək. Hələ çempionatın əvvəlidir. Qarşıdan milli fasilə gəlir. Növbəti oyunlara hazırlaşacağıq. Bu rəqiblə növbəti dövrələrdə yenə oyunlarımız olacaq”.
Alıyev görüşün son dəqiqələrində yaşanan gərginliyə də münasibət bildirib: “Böyük bir şey baş vermədi. Sadəcə onların, səhv etmirəmsə, ehtiyat oyunçularından biri bizim tərəfə nə isə etməyə başladı. İstər-istəməz məğlub olan komandaya belə şeylər bir az pis təsir edir. Sadəcə, yoluna qoyduq. Rəqib komandanı təbrik edirik”.
Futbolçu hakimlər briqadasının idarəçiliyindən də danışıb: “Hakimin bu məğlubiyyətdə payının olduğunu deməzdim. Sadəcə, əvvəlcədən baş hakimin birə-bir imkan verən hakim olduğunu bilirdik. Bugünkü oyunda da deyə bilmərəm ki, birəbir mübarizələrdə rəqibə daha çox imkan verdi. Baş hakimlə bağlı xüsusi nəsə deyə bilmərəm”.
Alıyev yan xətt hakiminə etirazının səbəbini də açıqlayıb: “Bir epizod olmuşdu. Orada top rəqibdən çıxmışdı. Mən sadəcə dedim ki, top səndən çıxıb. Yalnız belə bir şey olmuşdu”.
“Zirə”nin futbolçusu Azərbaycan milli komandasının heyətinə dəvət almamasına da münasibət bildirib: “Bəli, hər bir futbolçu kimi mən də gözləyirdim. “Zirə”nin heyətində artıq 10 oyun keçirmişəm. Demək olar ki, 10 oyunun hər birində heyətdə olmuşam. Bu gün 11-ci oyun idi. Milli komandanın məşqçisinin seçimidir. Milli haqqında nə isə danışmağın düzgün olmadığını düşünürəm. Yəqin ki, indiki vəziyyətdə məndən daha hazırlıqlı futbolçular görüb və buna görə heyətə çağırıb”.



No Comment! Be the first one.