Qvardiola İtaliya millisindən imtina səbəbini açıqladı
İspaniyalı mütəxəssis Xosep Qvardiola İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
Sportify.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı bunu Braziliya yığmasının sabiq hücumçusu Romarionun YouTube kanalına müsahibəsində açıqlayıb.
“Bəli, İtaliya millisi ilə danışıqlarım olub. Bu, mənim üçün böyük şərəf idi. İtaliya kimi bir ölkənin, belə bir milli komandanın təklifini rədd etmək mənə hətta bir qədər narahatlıq verirdi”, – deyə Qvardiola bildirib.
İspaniyalı mütəxəssis təklifdən məşqçilik karyerasına fasilə vermək istədiyi üçün imtina etdiyini söyləyib. O, bu təklif bir-iki il sonra gəlsəydi, yəqin ki, razılaşacağını da istisna etməyib.
İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo daha əvvəl Qvardiola ilə danışıqları təsdiqləmiş və onun üçün büdcə məsələsində istisna etməyə hazır olduqlarını bildirmişdi. Mətbuatda yayılan məlumatlara görə, ispaniyalı mütəxəssis illik 20 milyon avro maaş tələb edib, federasiya isə bunun yarısını təklif etməyə hazır olub.
Qeyd edək ki, Qvardiola 2016 – 2026-cı illərdə İngiltərənin “Mançester Siti” komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında İngiltərə klubu UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını, 6 dəfə İngiltərə Premyer Liqasını, 3 dəfə İngiltərə Kubokunu, 3 dəfə Super Kubokunu və 5 dəfə Liqa Kubokunu qazanıb.
Daha əvvəl Qvardiolanın Maurisio Poçettinonun “Mançester Yunayted”ə keçəcəyi təqdirdə ABŞ millisinə rəhbərlik edə biləcəyi barədə xəbərlər yayılıb.



No Comment! Be the first one.