Rəşad Rəsullu: Təəssüf ki, bizdə hər şey "qızıl"la ölçülür
“Zelim Kotsoyev ötən il Avropa çempionatında gümüş, dünya çempionatında bürünc medal qazanıb. Hidayət Heydərov isə bu il Avropa çempionatında gümüş medala sahib olub. Hər iki idmançımız məşqlərə tam məsuliyyətlə çalışırlar”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Azərbaycanın ən titullu cüdoçularının son çıxışları barədə danışarkən deyib.
Onun sözlərinə görə, heç bir idmançı uduzmağa çıxmır: “İdmançı qızıl medal qazanmırsa, heç nə etmədiyi mənasına gəlmir. Bu, onlara hörmətsizlikdir. Bəzən bunu maddi amillərə bağlayır, bəzən isə təhqiredici ifadələr işlədirlər. Bunlar isə ona gətirib çıxarır ki, idmançılar həvəsdən düşürlər və bizə də deyirlər. Laşa Bekauri ikiqat olimpiya çempionudur, amma Paris-2024-dən sonra başqa hansı nailiyyəti var. Amma bizdə deyirlər ki, qudurub, məşq etmir. Təəssüf ki, bizdə insanlar azarkeşlik etməyi bacarmırlar. Bəzən dünya və Avropa nailiyyətlərini heçə sayırlar. Gəlsinlər, öz həyatlarında nəyə nail olduqlarını desinlər, sonra belə danışsınlar”.
Rəsullu uduzanda da öz hisslərini ifadə etmələrindən ötrü cüdoçularla danışacaqlarını diqqətə çatdırıb: “Qəbul etməliyik ki, uduzanda bəzi idmançılar danışmağa həvəsli olmurlar. Uduzanda nə danışsınlar? Bizim idmançılar xaraktercə çox güclüdürlər. Amma uduzmağı xoşlamırlar. Zelim Kotsoyev çıxdı danışdı, nə gözləyirdik? Medalları gözlədiyimiz cüdoçuların uğursuz olduqlarını deməzdim. Fransa kimi böyük cüdo ölkəsinin cəmi 1 gümüş, 2 bürünc medalı oldu, dünya çempionları olmadı. Səhvlər var, daha yaxşı olmaq üçün addımlar atmalıyıq. Sadəcə, qəbul etmədiyimiz məsələ – sosial şəbəkələrdəki təhqirlərdir. Tənqidlə təhqiri qarışdırmasınlar”.
İcraçı vitse-prezident tənqidləri qəbul etdiklərini də əlavə edib: “Bəli, Hidayət il boyunca yarışlarda iştirak etsəydi, reytinqi yüksək olardı və dünya çempionatında daha yüksək reytinqli idmançı kimi daha irəli mərhələdən başlayardı. Biz hər şeyi qızılla ölçürük. Təəssüf ki, bu, belədir”.
Vitse-prezident, olimpiya çempionu Elnur Məmmədli isə titullu idmançıların hər zaman medal verməsinin vacib şərt olmadığını söyləyib: “Onlar xəstələnə də bilərlər, travmaları da ola bilər, özlərini pis hiss edə də bilərlər. Sabah Zelim və Hidayət Los Anceles-2028-də olimpiya çempionu olsalar, onda necə olacaq? Əla olacaq”.
Rəsullu Məmmədlinin Pekin-2008-də olimpiya çempionu olduqdan sonra çəkisini dəyişərək, 81 kq-da Avropa çempionu olub və digər turnirlərin qalibi adını qazanıb: “Bəzən Elnur müəllim barədə də olimpiya çempionluğundan sonra nəticəsinin olmadığını deyirlər. Nailiyyətlərini iki dəfə diz əməliyyatı keçirdikdən sonra əldə edib”.



No Comment! Be the first one.