Rəşad Sadıqov: Azərbaycan futbolunda ilk belə hal bizim başımıza gəldi
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “Araz-Naxçıvan” ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 44 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Görüş bizim üçün olduqca pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkilərinə yol verir, topla oyuna nəzarəti ələ ala bilmirdik. Nəticədə müdafiədən çıxarkən etdiyimiz top itkisindən sonra rəqib yaxşı hücum qurdu və hesabı açdı. 0:1 hesabı ilə geriyə düşdükdən sonra üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxsaylı hücumlar qurduq. Təəssüf ki, həmin dəqiqələrdə fərqlənə bilmədik. İkinci hissəyə də fəal başladıq və böyük üstünlüklə oynayırdıq. Lakin təəssüf ki, 60-cı dəqiqələrdə ikinci qolu buraxdıq. Bundan sonra nəticəni dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız sona qədər böyük xarakter nümayiş etdirdilər, mübarizə apardılar və buradan məğlub olmadan bir xalla ayrılırıq. Təbii ki, qələbə qazanmaq istəyirdik. Amma rəqibi də nəzərə almaq lazımdır. Onların heyətində çoxsaylı təcrübəli futbolçular var. Son turlarda, məğlub olmalarına baxmayaraq, “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda inamlı çıxış edirdilər. Belə sıx qrafikdə xarakter göstərdikləri və oyunu çevirdikləri üçün futbolçularıma təşəkkür edirəm. Bu gün qazandığımız bir xal həm mənəvi, həm də psixoloji baxımdan bizim üçün çox önəmli idi.
– “Sumqayıt”la oyunda 2:0 hesablı üstünlüyü əldən verdiz, bu gün isə 0:2-dən sonra hesabı bərabərləşdirdiz. Bu durumu necə şərh edərsiz?
– Futbol belədir. Qol buraxırsan, qol vurursan. Kimin nə zaman fərqlənəcəyinə zəmanət yoxdur. Yenə deyirəm, ilk 15-20 dəqiqəni çox pis başladıq. İlk qoldan sonra komanda reaksiya verdi, ikinci qoldan sonra da yenidən özünü toparladı. “Sumqayıt”la oyunda da ikinci qolu buraxdıqdan sonra yaxşı reaksiya göstərmişdik. Çempionatda rəqib komandaların heyətləri kifayət qədər güclüdür. Hər birində təcrübəli, usta futbolçular var və oyunun nəticəsi hər an dəyişə bilər. Bu gün Patrik Andrade, Ağadadaş Salyanski kimi futbolçuların oyunun nəticəsinə təsir etdiyini görürük. Biz üstünlük yarada bilirik, amma hələ ki, həmin üstünlüyü həmişə istədiyimiz kimi nəticəyə çevirə bilmirik. Xüsusilə səfər oyunlarında bu problemlə qarşılaşırıq. Buna baxmayaraq, yaxşı hücumlarımız oldu və hesabı bərabərləşdirdik. Bəlkə qələbə də qazana bilərdik, amma məğlub da ola bilərdik. Rəqibin də təhlükəli hücumları və bir neçə qol epizodu var idi. Müsbət haldır ki, buradan məğlub olmadan ayrılırıq.
– Əvəzetmədən sonra meydana daxil olan futbolçunun qola imza atması sevindirici məqam idi. Bu dəyişikliklə bağlı əvvəlcədən hansı planınız var idi?
– İki fikrim var idi. Birincisi, standart vəziyyətlərdə daha da güclənmək istəyirdik. İkincisi, Mehdi Mişahşahı stopper mövqeyinə çəkib, Ruan Renatonu hücumçu kimi istifadə etməyi planlaşdırırdıq. Məqsədimiz Ruan Volkovun meydana daxil olmasından sonra iki hücumçu ilə oynamaq və daha çox cinah asmalarından yararlanmaq idi. Lakin qol vurduğumuz üçün Ruanı hücumçu kimi yox, öz mövqeyində saxlamağa üstünlük verdik. Bundan sonra da cəhdlərimiz oldu. Yaxşı hücumlarımızdan biri zamanı bir qədər dəqiqlik çatmadı. Futbolçularıma bir daha təşəkkür etmək istəyirəm. Cəmi üç gün əvvəl çox ağır, fiziki və psixoloji baxımdan yorucu 120 dəqiqəlik oyun keçirmişdik. Bu gün Eren Aydını bir qədər qoruduq və 45 dəqiqə oynatdıq. İssa Cibrilanı da süni örtüyə görə 30 dəqiqə meydanda saxladıq. Hələ ki heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik və bu da müəyyən məqamlarda oyunumuzda özünü göstərir.
– Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Səbail”lə oyununda rəqib futbolçu Samuel Nonqoh 80-ci dəqiqədə ikinci sarı vərəqəni alsa da, meydandan qovulmadı. Bu olaya münasibətiniz necədir?
– Qəribə hadisələr çox olur. 80-ci dəqiqədə rəqib komandanın futbolçusu qırmızı vərəqə almalı idi və oyun bizim üçün 90 dəqiqə ərzində daha rahat başa çatmalı idi. Azərbaycan tarixində bəlkə də ilk dəfə belə hal yaşanırdı. O da bizim başımıza gəldi. Rəqib son bölümdə bərabərlik qolunu vurdu və oyun 120 dəqiqəyə qədər uzandı. Nəticədə üç-dörd futbolçumuz 15-17 kilometr qaçmalı oldu. Son oyunlarda zədələrə görə futbolçuları itirirdiksə, bu dəfə onları yorğunluqlarına görə itirdik. Bütün bunlar bizim üçün bir sınaqdır. Mübarizəmizi davam etdirməli, sona qədər xarakterimizi göstərməliyik. İnanıram ki, bu çətinliklər gələcəkdə bizim xeyrimizə olacaq.
– Əvəzetməniz uğurlu alındı. Digər tərəfdən, Amin Seydiyev birinci hissədə fərqli mövqedə idi və daha sonra onu dəyişdiniz və bir müddət də keçdi, əvəzlədiniz. Həmin futbolçuda nə çatmadı ki, belə bir qərarlar qəbul etdiniz?
– Seydiyev də 120 dəqiqəlik oyunda iştirak etmişdi və çox yorğun idi. İmkanımız olsaydı, onu start heyətində meydana buraxmazdıq. Lakin məcburiyyətdən bu addımı atdıq. Qismət Alıyev, Ruan Renato və Quima da daxil olmaqla, bəzi futbolçuları məcburiyyətdən meydana buraxmalı olduq. Çünki artıq başqa seçimimiz yox idi. İlk dəqiqələrdən Aminin passiv olduğu görünürdü. Fikirləşirdik ki, necə olursa-olsun, ilk 45 dəqiqəni başa vuraq, ikinci hissədə İssanı sola, Qisməti sağa keçirək, Kris Diqbeunu əvəzləyib Ereni meydana buraxaq. Lakin müəyyən top itkilərindən sonra düşündüm ki, mövqeyini dəyişsək, bəlkə daha inamlı oynayar. Elə də oldu. Sol cinahda daha fəal çıxış etdi, bir neçə qol epizodunda iştirak etdi. Standart vəziyyətlərdən sonra da fərqlənmək imkanı oldu. Ümumilikdə isə çox yorğun idi. “Səbail”lə oyunda həddindən artıq güc sərf etmişdi və bunun təsiri meydanda açıq-aydın hiss olunurdu.



No Comment! Be the first one.