Rəşad Sadıqov: “Qarabağ”la oyunda vacib olan futbolçuların göstərdiyi əzmkarlıq və oyun intizamı idi
“Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının növbəti turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu dəyərləndirib.
Sportify.az xəbər verir ki, Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanın sürətli və keyfiyyətli alındığını bildirib.
“Olduqca sürətli, keyfiyyətli oyun alındı. Oyundan öncə də bunu gözləyirdik. Hər iki komanda çempionata uğurlu start götürmüşdü. Düşünürəm ki, azarkeşlər bugünkü oyundan razı qaldılar”, – deyə baş məşqçi qeyd edib.
R.Sadıqov futbolçularının oyun ərzində nizam-intizamı və əzmkarlığı yüksək səviyyədə saxladıqlarını vurğulayıb. O, həmçinin “Sabah”la əvvəlki görüşdə 0:5 hesablı məğlubiyyətdən sonra komandaya dəstək olan azarkeşlərə təşəkkürünü çatdırıb.
Baş məşqçi bildirib ki, zədəli futbolçuların çoxluğu səbəbindən “Qarabağ”la qarşılaşmaya hazırlıq zamanı taktiki sistemdə dəyişiklik etmək məcburiyyətində qalıblar.
“Erenin, Leqbonun, Krisin və Papunaşvilinin zədələnməsi bizi sistem dəyişikliyinə məcbur etdi. İki gün ərzində müəyyən şeyləri dəyişmək çox çətin idi. Futbolçuların bunu yüksək nizam-intizam və inamla meydanda icra etmələri mənim üçün çox qürurvericidir”, – deyə R.Sadıqov söyləyib.
“Zirə”nin çalışdırıcısı qarşıdakı turda “Turan Tovuz”la səfər oyununa da toxunub. O, Tovuz səfərinin hər zaman çətin keçdiyini və komandanın qısa müddətdə növbəti görüşə köklənməli olduğunu bildirib.
R.Sadıqov milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilənin komandaya təsirindən də danışıb. Onun sözlərinə görə, “Zirə” hazırkı tempini qorumaq baxımından fasilənin necə təsir göstərəcəyini zaman müəyyənləşdirəcək.
Baş məşqçi son üç oyunda əldə olunan 4 xaldan daha çox komandanın nümayiş etdirdiyi oyun səviyyəsinin önəmli olduğunu deyib.
“Bu üç oyunda mənim üçün xaldan vacib komandanın göstərdiyi oyun forması idi. Ümumən götürsək, oyunumuz yaxşı və keyfiyyətli alınır. İndi vacib olan bunu qoruyub bir qədər də təkmilləşdirməkdir”, – deyə R.Sadıqov əlavə edib.
Komandadakı zədəli futbolçuların son durumuna gəlincə, baş məşqçi qapıçının hələ bərpa prosesində olduğunu, Braziliyada müalicə keçdiyini və məşqlərə başlamadığını bildirib. O, digər futbolçuların da müxtəlif zədələr səbəbindən komandaya kömək edə bilmədiklərini söyləyib.
R.Sadıqov heyətin gücləndirilməsi üçün transfer ehtimalının olduğunu da istisna etməyib: “Ola bilsin, kimsə olsun. Amma bu, dəqiq olaraq həftəiçi bilinəcək”.
Baş məşqçi “Qarabağ”la oyunda taktiki sistemin dəyişdirilməsinin rəqib üçün gözlənilməz ola biləcəyini də qeyd edib. Onun fikrincə, “Zirə”nin uzun müddət eyni sistemlə çıxış etməsindən sonra ani dəyişiklik müəyyən üstünlük yaradıb.
R.Sadıqov Azərbaycan futbolunda belə sürətli və baxımlı qarşılaşmaların çempionatın səviyyəsinin yüksəlməsinə xidmət etdiyini bildirib.
“Vacib olan hər iki komandanın sona qədər qələbə üçün əlindən gələni etməsi və meydanda sürətli, baxımlı futbolun getməsi idi. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini artıracaq”, – deyə o vurğulayıb.
“Sabah”la 0:5 hesablı məğlubiyyətə də toxunan R.Sadıqov həmin görüşdə hücum futbolundan imtina etməmək qərarının arxasında dayandığını bildirib. O, komandanın mövsümün əvvəlindən nümayiş etdirdiyi oyun üslubunu qorumağı üstün tutduğunu deyib.
Baş məşqçi üçün mövsümün ən ağır məğlubiyyətinin isə UEFA Konfrans Liqasında “Payde”yə qarşı olduğunu bildirib.
“İnşallah, düşünürəm ki, məşqçi karyeramda belə bir məğlubiyyətə ehtiyac var idi. İstəməzdim ki, bunu bu dövrdə yaşayaq. Amma bu, mənim üçün böyük təcrübə oldu və düşünürəm ki, gələcəkdə komandamızın böyüməsi üçün ciddi səbəb olacaq”, – deyə R.Sadıqov qeyd edib.



No Comment! Be the first one.